Sabah İranda prezident seçkilərinin ikinci mərhələsi start götürəcək.
Busaat.az xəbər verir ki, bBu gün İranda prezident seçkiqabağı “sükut günü” başlayıb. Növbəti tura keçən namizədlə Səid Cəlili və islahatçı Məsud Pezeşkiyan seçkiqabağı kampaniyalarını yekunlaşdırıblar.
Dünya gündəminin mərkəzində olan mövzu hesab edilən İrandakı prezident seçkiləri Azərbaycan cəmiyyəti üçün də maraq doğurur. Regiondakı geosiyasi vəziyyətin müzakirə edilməsində yeni seçiləcək prezidentin rolu da danılmaz olacaq.
Mübarizə aparacaq iki namizəddən hansı prezident olmağa daha şanslıdır?
Mövzuyla bağlı Busaat.az-a danışan politoloq Aqşin Kərimov bildirib ki, İranda prezident seçkilərinin ikinci turu ərəfəsində islahatçıların namizədi Məsud Pezeşkianın ultramühafizəkar rəqibi Səid Cəlilini geridə qoyduğu haqqında məlumatlar var.
Politoloq Pezeşkianın İranın Ali rəhbəri Seyid Əli Xameneiyə tabe olduğunu təkrarlamaqla və bəzi sərt siyasətlərə dəstək verməklə sərt xətt tərəfdarlarından dəstək almağa çalışdığı ilə bağlı fikir irəli sürüb.
Müsahibimiz qızğın mübarizə şəraitində sərt xətt tərəfdarlarının namizədi Səid Cəlilinin seçki kampaniyasının maliyyə stimullarından səs qazanmaq üçün istifadə etdiyinə dair iddialarla üzləşdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu addım Cəlilinin mühafizəkarlar arasında fikir ayrılıqlarına baxmayaraq, onların potensialının öz xeyrinə səfərbər edilməsinə çalışmasının təsdiqidir.
Aqşin Kərimov, politoloq
“Hadisələri birbaşa seçici iradəsi üzərindən proqnozlaşdırmaq çətindir, çünki İranda liberallığa meyilli qüvvələr olsa da, bu, mühafizəkar xəttin tərəfdarlarının az olması mənasını vermir. Ona görə də diqqəti seçici iradəsinə deyil, daha çox SEPAH və ali rəhbərin seçkinin ikinci turu üzərindən hansı manipulyasiya imkanlarından istifadə edəcəyinə yönləndirmək lazımdır”, – deyə Aqşin Kərimov əlavə edib.
Xatırladaq ki, iyunun 28-də İranda dörd namizədin iştirakı ilə prezident seçkilərinin birinci turu keçirilib. Namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün qalib ikinci turda müəyyən ediləcək. Birinci turda 42,5 faiz səs toplayan Məsud Pezeşkiyan və 38,6 faiz səs toplayan Səid Cəlili iyulun 5-də keçiriləcək ikinci turda iştirak etmək hüququ qazanıb.
Seçkilərin birinci turunda iştirak 40 faiz təşkil edib. Bu, İslam respublikasının 45 illik tarixi ərzində prezident seçkilərində qeydə alınan ən aşağı göstəricidir.
İranda 14-cü prezident seçkiləri Prezident İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması ilə əlaqədar keçirilir. Qəzada ümumilikdə səkkiz nəfər, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra dövlət rəsmiləri də həyatını itirib.