HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi İranın təhlükəsizlik sektorunda nöqsanların olduğunu göstərib.
İddialara görə, istənilən vaxt İran ərazisində bu cür sui-qəsd hadisələri yaşana bilər. İran rəsmiləri hesab edir ki, bu cür sui-qəsd ölkə üçün kəşfiyyat və təhlükəsizlik sahəsində fəlakət sayılacaq uğursuzluqdur. Bu, İslam İnqilabı Keşikçiləri üçün böyük utancdır.
Bəs İran öz təhlükəsizliyini gücləndirmək üçün hansı ölkələrlə kəşfiyyat sahəsində əməkdaşlığı artırmalıdır?
Politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İranın təhlükəsizlik sistemində ciddi şəkildə boşluqların mövcud olması reallıqdır.
Onun sözlərinə görə, İranın təhlükəsizlik sistemində boşluq olmasaydı, dünya miqyasında kifayət qədər nüfuzlu sayılan, həmçinin Tehranda fəxri qonaq statusunda olan İsmayıl Haniyə hücuma məruz qala bilməzdi. Bu, İran hüquq-mühafizə orqanları adına biabırçı bir hadisədir:
“Məlum hadisədən bir müddət öncə İsrail təşkilatı sui-qəsd nəticəsində İranın mərkəzində nüvə alimlərini öldürmüşdü. Həmçinin bir neçə il öncə Bağdadda İranda kifayət qədər nüfuza malik olan, İran İnqilab Keşikçiləri Korpusu Qüds qüvvələrinin komandiri Qasım Süleymani öldürülmüşdü. Ona görə də İran təhlükəsizlik sistemini gücləndirmək məcburiyyətindədir. Bu istiqamətdə İranın əməkdaşlıq edə biləcəyi dövlətlər Rusiya və Türkiyədir”.
Zeynal Əmrəliyev: Bu istiqamətdə İranın əməkdaşlıq edə biləcəyi dövlətlər Rusiya və Türkiyədir
Müsahibimiz hesab edir ki, İran adıçəkilən iki ölkə ilə əməkdaşlığa gedəcək. Bu, İran rəsmilərinin son hadisədən sonra verdikləri açıqlamalardan açıq şəkildə görünür.
“İranın təhlükəsizlik sistemindəki nöqsanlarının daxildən təmizlənməsi istiqamətində İran prezidenti Məsud Pezeşkian ciddi addımlar atmalıdır. Sadəcə Pezeşkian atacağı addımlarla bağlı İranın ali rəhbəri Əli Xameneyidən razılıq almalıdır. Ümumilikdə Pezeşkianın İsrailə cavab verməklə yanaşı, İranda təhlükəsizliyi təmin etməklə bağlı problemli məsələsi var”, – deyə Zeynal Əmrəliyev vurğulayıb.