“İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm…”

image-derzibackend

Binəqədi rayonunda “Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanasındakı partlayışla bağlı məhkəmə araşdırması gedir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə hazırkı mərhələdə hadisə nəticəsində vəfat edənlərin hüquqi varisləri və zərərçəkmiş şəxslər özləri ifadə verirlər.

Cinayət işi ilə bağlı ASC-nin faktiki sahibi Tağı İbrahimov və oranın inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayev mühakimə edilir.

Onlar yanğın təhlükəsizliyi qaydalarına riayət etməyərək ehtiyatsızlıqdan 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmağa, Tağı İbrahimov isə ayrıca xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmağa görə təqsirləndirilir.

Bugünkü iclasda ifadə verənlərdən biri Gülnar Məmmədovadır. O, hadisə nəticəsində həyat yoldaşını itirib. İki azyaşlı uşağı olduğunu deyən hüquqi varis zərərin əvəzi olaraq təqsirləndirilən şəxslərdən yaşayış üçün ev istəyib.

Gülnar kimi digər hüquqi varis Elnarə Qubadovanın da əri hadisədə vəfat edib. Mərhum Fərid Qubadov “Bakı Ağac Emalı” ASC-dən sex götürərək işlədib. Amma rəsmi şəkildə vergi ödəyicisi olmayıb. Bu ailə də maddi və mənəvi ziyana görə təzminat tələb edib.

Prosesin davamında partlayışdan sonra cəsədi ən gec tapılan iki nəfərdən biri- dərzi Solmaz Abbasovanın gənc oğlu Tural Həsənov dindirilib. Tural ailənin yeganə övladıdır. Onun nə bacısı, nə qardaşı var. Hadisəyə görə dərin sarsıntı keçirən Turalın həyəcanı məhkəmədə də açıq-aşkar hiss olunub. Hakimlər ona səbirli olmağı tövsiyə ediblər.

Tural qısa olaraq həmin günü belə xatırlayıb: “O gün təsadüfən anama zəng etdim. Nə qədər çağırdı, amma telefonu açmadı. Düşündüm ki, yəqin başı qarışıqdır. Amma iş vaxtı bitdi, evə gəlmədi. Narahat oldum. İşlədiyi zavoda gedəndə hər şey aydın oldu. Şoka düşdüm”.

Tural prosesdə dayısı ilə birgə iştirak edib. Onlar maddi və mənəvi ziyana görə Tağı İbrahimov və Toğrul Rzayevdən 69 min 800 manat pul tələb edirlər. Növbəti iclasda mülki iddialarını məhkəməyə təqdim edəcəklər.

Fotoda: Tağı İbrahimov

Başqa bir hüquqi varis Bəhram Atakişiyev isə hadisədə atasını itirib. Bəhram maddi və mənəvi ziyana görə 60 min təzminat istəyir.

Budəfəki iclasda son olaraq Fərrux Hüseynov ifadə verib. Ona hadisəyə görə maddi ziyan dəyib. Fərrux partlayış vaxtı fiziki zərər görməsə də, oradakı zavodunda 113 min manatlıq avadanlığı məhv olub.

Bundan əvvəlki iclasda isə partlayışda vəfat edən Adil Rüstəmovun atası Aydın Rüstəmov maddi və mənəvi ziyana görə 1 milyon manat təzminat tələb etmişdi.

Təqsirləndirilən Tağı İbrahimov deyib ki, partlayışda vəfat edən şəxslərin yaxınlarının hərəsinə 5 min manat pul verib. O, bundan sonra da nə lazımdırsa, edəcəyinə söz verib.

Proses oktyabrın 22-si davam edəcək.

Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. Sözügedən ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki