İsrail ilk dəfə neft ixracatçısı olub.
Busaat.az xəbər verir ki, bunu “Financial Times” yazır.
Qəzetin məlumatına görə, bazar ertəsi İsrailin Kariş yatağından ixrac üçün nəzərdə tutulan xam neftin ilk partiyası yüklənib.
Kariş yatağı bilavasitə iki ölkə arasında dəniz sərhədində yerləşdiyi üçün İsrail və Livan arasında uzun müddətdir ərazi mübahisəsi predmeti olub. Yalnız 2022-ci ilin oktyabrında İsrail hökuməti ABŞ-ın dəstəyi ilə Livanla dəniz sərhədi müqaviləsi bağlayıb və Kariş İsrailə, qonşu Qana yatağı isə Livana verilib.
Buna baxmayaraq, İsrail neftin ilk ixracatını göndərərkən əlavə təhlükəsizlik tədbirləri görüb. Yataqdan neft götürən tanker bazar ertəsi izləmə sistemlərini söndürüb ki, onun irəlilədiyi marşrutu izləmək mümkün olmasın. Bundan əlavə, tankeri yanğınsöndürən gəmi müşayiət edib. İsrail neftinin alıcısının kim olduğu məlum deyil.
Kommersant yazır ki, ötən ilin sonundan İsrailə aid yataq Yunanıstanın “Energean” şirkəti tərəfindən işlənilir və bu ilin sonunda Livan yatağından neft hasilatı ilə Fransanın “TotalEnergies” şirkəti məşğul olmalıdır.