
İstifadədə olan torpağa kupça almaq mümkündürmü? – Hüquqşünasdan AÇIQLAMA
Azərbaycanda bir çox vətəndaşın istifadəsində torpaq sahələri olsa da, həmin ərazilərə dair mülkiyyət sənədləri mövcud deyil.
Bəs belə torpaqları rəsmiləşdirmək, çıxarış almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, torpaq sahəsinin hüquqi statusundan asılı olaraq onun rəsmiləşdirilməsi qaydaları fərqlənir.
Hüquqşünasın sözlərinə görə, torpaq sahəsi müxtəlif əsaslarla istifadə olunur. Bu, rəsmi icarə müqaviləsi əsasında istifadə, eləcə də heç bir hüquqi əsas olmadan torpağın özbaşına zəbt edilməsi formasında ola bilər.
O, qeyd edib ki, torpaq sahəsi vətəndaşın rəsmi icarəsindədirsə, həmin şəxs icarə hüququna dair çıxarış əldə edir.
Ramil Süleymanovun sözlərinə görə, torpaq sahəsi hər hansı rəsmi sənəd olmadan istifadə edilirsə, ilk növbədə onun kimə məxsus olduğu müəyyənləşdirilməlidir. Söhbət dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqdan gedə bilər.
Əgər torpaq bələdiyyənin mülkiyyətindədirsə, vətəndaş müvafiq bələdiyyəyə rəsmi müraciət edərək həmin sahəni icarəyə götürmək istəyini bildirməlidir. İcarə münasibətləri müqavilə əsasında rəsmiləşdirildikdən sonra torpaqdan istifadə hüququ qanuni əsaslarla təsdiqlənir.
Torpaq dövlət mülkiyyətində olduqda isə vətəndaş müvafiq rayon və ya şəhər icra hakimiyyətinə, yaxud İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilər. Torpaq sahəsinin hüquqi statusundan və tətbiq olunan prosedurdan asılı olaraq, onun icarəyə götürülməsi və istifadənin rəsmiləşdirilməsi məsələsinə baxılır.
Hüquqşünas vurğulayıb ki, müvafiq icarə müqaviləsi bağlandıqdan sonra vətəndaş Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin ərazi idarələrinə müraciət edərək icarə hüququna dair çıxarış əldə edə bilər.
Beləliklə, torpaq sahəsindən faktiki istifadə edilməsi öz-özlüyündə həmin əraziyə mülkiyyət hüququ yaratmır. Torpağın hüquqi statusunun müəyyənləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmiləşdirilməsi vacibdir.
Qeyd edək ki, icarə hüququna dair çıxarış torpağın mülkiyyət hüququnu təsdiqləyən çıxarışla eyni deyil. Torpağın mülkiyyətə keçirilməsi üçün ayrıca hüquqi əsaslar və müvafiq prosedurlar tələb olunur.// Konkret.az






















