Jalə Əhmədova seçicilərinə müraiət etdi

image-52backend

Dəyərli seçicilərim,

Sizlərin də dediyi kimi, millətinin vəkili olaraq mən 5 illik fəaliyyətimi əhatə edən məlumatları qısa şəkildə diqqətinizə təqdim edir və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq bundan qürur duyuram.
Beləliklə, istər Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) üzvü kimi beynəlxalq fəaliyyətimdə, istərsə də seçicilərlə işimdə, eləcə də KİV-lərdə işıqlandırılan yazılarımda, məqalələrimdə, sosial şəbəkə hesablarımdakı paylaşımlarımın hər birində dövlətimə və dövlətçiliyimə sədaqətim və bağlılığım bütün fəaliyyətimi əhatə etmişdir. Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq onu da qeyd edim ki, Estoniya Parlamentinin Xocalı soyqırımını tanıması, Estoniya Parlament Spikerinin Şuşaya səfəri, Estoniya Parlament üzvlərinin Ağdama və Şuşaya səfəri iki ölkənin parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvləri arasındakı münasibətlərin yüksək səviyyədə olmasının bariz göstəricisidir.

Tərəfimdən keçirilən görüşlər və qəbullar zamanı ehtiyac duyulduqda vətəndaşlarla cənab Prezidentin siyasi kursu və ölkədə müxtəlif sahələrdə aparılan islahatlarla bağlı maarifləndirici söhbətlər aparmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın keçirdiyi müxtəlif görüşlər, səfərlər, Azərbaycanda keçirilmiş beynəlxalq və yerli tədbirlər və onların əhəmiyyəti, reallaşdırılan çoxsaylı layihələr, görülən işlər, ən nəhayət erməni işğalı altında olan tarixi torpaqlarımızın işğaldan azad edildikdən sonrakı – Post müharibə dövründə Qarabağda aparılan quruculuq və abadlıq işləri barədə məlumat vermişəm.
5 illik fəaliyyətim dövründə “Nəqliyyat haqqında”, “Media haqqında”, “Bələdiyyələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” , “Əmək pensiyaları haqqında”, “İcra haqqında” , “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu və Cinayət Məcəlləsindəki boşluqla bağlı qanunvericilik təşəbbüsləri ilə, eləcə də bir çox məsələlərlə bağlı çıxışlar etmişəm.

2023-cü il üçün dövlət büdcəsinin müzakirəsində səsləndirdiyim məsələ – Kürqaraqaşlı kənd məktəbinin əsaslı təmir olunması məsələsi öz həllini tapmışdır. Habelə Milli Məclisin plenar iclaslarında – Salyan rayonunda yataqxanada yaşayan aztəminatlı vətəndaşların və gənc ailələrin güzəştli mənzillərdən yararlanması üçün sosial mənzillərin tikintisi layihəsinin Salyan rayonunda da həyata keçirilməsi, autizm və daun sindromlu şəxslərə psixoloji dəstəyin, diqqət və qayğının daha da artırılmasına ehtiyac olduğunu, eləcə də bu kateqoriyadan olan şəxslərin qayğısına qalan valideynlərin və ya onlara qulluq edən şəxslərin işlə təminatı, Salyan rayonunda sakinlərin istirahəti üçün yaşıllıqların, parkların salınması, Mədəniyyət Nazirliyinin tabeliyində olan klubların və kitabxanaların əsaslı təmir edilməsi, uşaq bağçalarının, futbol və digər idman meydançalarının tikilməsi, idmanın inkişafı üçün regionlara daha çox maliyyə vəsaiti ayrılması, Salyan şəhərində kanalizasiya sisteminin yoxluğu, şəhərdə Mədəniyyət evi, Gənclər evinin olmaması, idman meydançalarının yox səviyyəsində olması, Salyanın kəndlərində mədəniyyət evləri, kitabxanalar, bağçaların tikilməsini, həmçinin içməli su, internet, yol problemləri ilə bağlı məsələləri səsləndirmişəm.

Salyan rayon sakinlərinin işlə təminatının müsbət həlli üçün rayonda vaxtilə fəaliyyət göstərmiş və özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin bərpa edilməsinə köməklik göstərilməsi və müvafiq dövlət layihələri həyata keçirilərkən Salyan rayonunun da nəzərə alınması, habelə Xocalı kəndinin yol, qaz və rabitə problemləri ilə bağlı Azərbaycan Respublikasının Baş Nazirinə yazdığım məktubları, o cümlədən Salyan şəhərində vaxtilə fəaliyyət göstərmiş Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Salyan filialının bərpası, Salyan Peşə Liseyinin əsaslı təmirə ehtiyacı olması ilə bağlı Elm və Təhsil Nazirinə yazdığım məktubları qeyd etmək istəyirəm.

59 saylı Salyan seçki dairəsi üzrə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq mövcud qanunvericilik və vətəndaşların müraciətləri əsasında qurduğum fəaliyyətim dövründə – Milli Məclisə daxil olmuş vətəndaş müraciətləri baxılması üçün tərəfimizdən aidiyyatı orqanlara göndərilməklə yanaşı, həm də onların şifahi həllinə üstünlük vermişəm. Bununla yanaşı, Salyan rayonunda seçicilərlə keçirdiyim 57 görüş-qəbul zamanı vətəndaşların müraciətini dinləmiş, işsizliklə bağlı müraciət edən bir çox seçicilərin iş məsələsinin müsbət həllinə nail olmuş, həmçinin vətəndaşların müraciətləri əsasında aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında qaldırdığım məsələlərin bir çoxu öz həllini tapmışdır. 59 saylı Salyan seçki dairəsi ərazisində yerləşən Xocalı, Beştalı, Gilan, Cəngan kəndləri 100 faiz qazlaşdırılmış, Salyan şəhəri və bir çox kəndlərin yolları əsaslı şəkildə təmir olunaraq asfaltlanmış, Salyan şəhəri kanalizasiya sistemləri ilə təmin edilmiş, eləcə də rayonun Ərəbqardaşbəyli kəndində qazlaşdırma işlərinə start verilmişdir.

Xüsusi minnətdarlıqla hissi ilə qeyd etmək istəyirəm ki, möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarının rifahının daha da yüksəlməsi istiqamətində gördüyü bütün bu işlər və reallaşdırılan layihələr – ölkəmizdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, regionlarda yol şəbəkəsinin yenidən qurulması, xüsusilə kənd yollarının əsaslı təmiri, təbii qaz problemi yaşayan kəndlərin qazlaşdırılması, həmçinin əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin olunması istiqamətində dövlət rəhbərliyimizin yürütdüyü siyasətin, vətəndaşlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılmasına hesablanmış bütün bu işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya həm öz adımdan, həm də seçicilərim adından dərin təşəkkürlərimi bildirirəm.

Onu da qeyd edim ki, 2020-ci ilin əvvəlində bütün dünyanı cənginə alan yeni növ koronavirus pandemiyası ilə əlaqədar dövlət başçısının tapşırığına əsasən ölkə ərazisində görülən işlərə dəstək olaraq vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün tərəfimdən başladılmış “Yardımlaşma aksiyası” çərçivəsində şəxsi büdcəmdən və toplanan digər vəsait koronovirus xəstələrinə, risk qrupuna aid yaşı 65-dən yuxarı olan şəxslərə, pandemiya ilə bağlı iş yerlərini itirmiş aztəminatlı ailələrə verilmişdir. Həmçinin Salyanda fəaliyyət göstərən “Murad” Əlillər Cəmiyyətinə, aztəminatlı ailələrə, çoxuşaqlı analara və s. digər ehtiyacı olan şəxslərə ayrı-ayrı vaxtlarda müəyyən məbləğdə yardım göstərilmişdir.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Zəfər qazandığımız 44 günlük Vətən müharibəsi hər birimizin qürur duyduğu bir tarixdir. Milli birliyin və həmrəyliyin təntənəsi olan 44 günlük Vətən müharibəsində vətəndaş olaraq hər birimiz Ali Baş Komandanımızın, Azərbaycan Ordusunun yanında olmağa və əlimizdən gələn dəstəyi və köməkliyi göstərməyə çalışdıq. Vətən müharibəsinin başladığı ilk günlərdə Silahlı Qüvvələrimizə dəstək məqsədi ilə tərəfimdən Tərtər, Ağdam, Kəlbəcər və Ağdərə rayonlarına isti geyim dəstləri və ərzaq, dərman preparatları, isti adyallar, eləcə də 3 ədəd generator göndərilmiş, həmçinin Vətən müharibəsi dövründə gənclərin Bakı şəhərində “Caspian Plaza”da keçirdiyi yardım aksiyasına dərman preparatları, “Qarabağ Müharibəsi Veteranları” cəmiyyətinə maddi yardım, Salyan Mərkəzi Rayon Xəstəxanasına və müharibədə vuruşan 4 nəfər zabit ailəsinə ərzaq yardımı olunmuşdur.
Vətən müharibəsi dövründə şəxsi təşəbbüsüm ilə keçirilmiş “Silahlı Qüvvələrə Dəstək: Bir Vətəndaş – Bir Manat” adlı aksiyada toplanmış vəsait (AZ98/BAZ 38040019449930010202 Beynəlxalq Bankı, Binəqədi filialı) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edilmişdir.

Habelə Vətən müharibəsi şəhidləri və qazilərin ailələrini ziyarət edərək qayğıları ilə maraqlanmış, onların kommunal xərclərinin ödənilməsi, maddi yardımla təminatı, müayinə və müalicə olunması, reabilitasiya mərkəzlərinə göndərilməsi, mənzil təmiri, ev tikintisi və işlə təmin edilməsi məsələlərinin həllində müvafiq köməklik etmiş, həmçinin tərəfimdən vətəndaşların müxtəlif təyinatlı müraciətləri üzrə maddi və digər köməkliklər göstərilmişdir.
Bununla yanaşı, Vətən müharibəsi şəhidlərinin və qazilərin ailəsini (7 ailə) şəxsi nəzarətimə götürmüş, 2020-ci ilin dekabrından indiyədək hər bir ailəyə aylıq olaraq müəyyən məbləğdə maddi yardım göstərirəm.
Qürur hissi ilə onu da vurğulayım ki, deputat fəaliyyətim dövründə mənə yüksək etimad göstərilmiş və mən Dünya Alpaqut Federasiyasının prezidenti, Azərbaycan Autizm Assosiasiyasının prezidenti, Türk Dövlətləri Autizm Assosiasiyasının baş katibi, Azərbaycan Paralimpiya Komitəsinin idarə heyətinə üzv seçilmişəm.

5 il ərzində sayı yüzlərlə olan müxtəlif beynəlxalq, sosial, iqtisadi, mədəni və s. digər tədbirlərdə iştirak etmiş, bununla yanaşı gənclərlə görüşlər keçirmiş, gənclərə dövlət siyasəti, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gənclər, idman və gənclərin hüquqları sahəsində həyata keçirilən islahatlar və dövlət layihələri barədə məlumat vermiş, gənclərdən öz dəstəyimi əsirgəməmişəm. Hər bir tədbir, gördüyüm işlər haqqında məlumatları sosial şəbəkə hesablarımda paylaşmışam. Dövlətimizin yürütdüyü siyasətə dəstək olaraq yazdığım məqalələr yerli KİV-lərlə yanaşı, Ərəb mətbuatlarında da geniş şəkildə işıqlandılmışdır.

Qeyd: Mənim ictimai-siyasi fəaliyyətimi əks etdirən bütün yazılarım və paylaşımlarım (5 illik fəaliyyətim dövründə 6000-ə yaxın) “Jalə Əhmədova” facebook, “@JalaAhmadova” tvitter və “@jaleahmadovaofficial” instagram hesablarımda, eləcə də KİV-də işıqlandırılır.

Dəyərli salyanlılar,
Bu 5 il ərzində sizlərin səsi olmaq və problemlərinizi səsləndirmək mənim üçün böyük şərəf idi. Hər birinizin müraciətinə xüsusi həssaslıqla yanaşdığım bu illərdə bacardığım qədər kimlərinsə problemlərinin həllinə nail oldum, kimlərəsə dəstək ola bildim. Bununla belə məndən asılı olmayan səbəblərdən bəlkə də bəzilərinizin problemlərini həll edə bilmədim. Bu da təbiidir, çünki 5 il ərzində bütün problemləri həll etmək qeyri-mümkündür. Deputatın problemi səsləndirən və aidiyyəti qurumlara çatdıran tərəf olduğunu nəzərə alsaq, tam əminliklə deyə bilərəm ki, mənə göstərilmiş etimadı doğrultmaq üçün dövlətim, xalqım və Allahım qarşısında vicdanla çalışmış, bacardığımı əsirgəməmişəm.

Əziz seçicilərim,
Bəzilərinizlə bir ailə kimi doğmalaşdığımız bu 5 il ərzində Sizləri tanımaq, sizlərlə ünsiyyət yaratmaq, dinləmək mənim üçün çox xoş və şərəfli idi.
Deputat-seçici münasibətlərinin yüksək səviyyədə olması, deputatın seçicilərlə iş aparması və bu istiqamətdə səmərəli fəaliyyət göstərməsi üçün ölkəmizdə yaradılmış gözəl şəraitə görə dövlətimizin başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident, xeyirxah insan Mehriban Əliyevaya xüsusi təşəkkürümü bildirirəm.

Yaşasın Azərbaycan xalqı!

Jalə Əhmədova
Milli Məclisin deputatı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki