Kanala düşən ailəni kim xilas edib? – Yaxud FHN-nin adına yazılan saxta qəhrəmanlıq

image-imagesbackend

 Füzuli rayonu Kərimbəyli kəndi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumatlar əldə etmişik. Söhbət “Hyundai” markalı Kərimbəyli kəndinin üzərindən eni iyirmi metrə yaxın, dərinliyi on metrdən çox olan Baş Mil Suvarma kanalına düşməsindən gedir. Maşının içində olan bir ailənin üç üzvü dəhşətli faciədən son anda qurtulub. Mediada həmin ailənin kanaldan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin çıxarması barədə məlumatlar yer alıb. Əslində isə həmin ailəni xilas edən Kərimbəyli kəndinin sakinləri olub.

Hadisə 9 yanvar 2022-ci il tarixdə, saat 14-15 radələrində baş verib. Zobucuq qəsəbəsindən işdən qayıdan “Hyundai” markalı maşının önünə qəfil bir it çıxıb, avtomobili idarə edən ibtidai sinif müəllimi Aygün İsmayılova iti vurmamaq üçün sükanı sağa-sola oynadıb, nəticədə avtomobil idarəetməni itirərək magistral yolun kənarı ilə çox iti axan kanala yuvarlanıb. Avtomobildə daha iki sərnişin, Peşə Liseyinin direktoru Gülşən İbadova və nəvəsi, orta məktəb şagirdi 14 yaşlı Gülay İsmayılova da olub. Xoşbəxtlikdən həmin vaxt Kərimbəyli kənd sakini Mehdi Yusifov at belində kanalın kənarı ilə gedirmiş. Avtomobilin suya doğru getdiyini görən Mehdi Yusifov dərhal atdan düşüb maşının arxasıyca qaçaraq kanala tullanıb. Maşının içindəki sərnişinlər kömək üçün haray salıblar, bu səsi yenə yaxınlıqda olan Kərimbəyli kənd sakini Hüseyn Muradov eşidib və səs-küy salıb ətrafdan kömək istəyib. Köməyə gələn Kərimbəyli kənd sakinləri Xəqani Quliyev, Şaiq Məmmədov, Mikayıl Əliyev, Elnur Alıyev, Hafiz Misirli, Afiyəddin Məmmədov, Camal Əmənov, Elmin Səlimov, Abbas Abbasov və Babı kənd sakini Elşən Nəcəfov sözün əsl mənasında xüsusi şücaət göstərməklə boğulmaqda olan üç nəfəri xilas etmək ücün düz bir saata yaxın buz kimi suda mübarizə aparıblar. Kanalda suyun təzyiqindən avtomobilin qapısını zorla açan Şaiq Məmmədov və Xəqani Quliyevin sözlərinə görə, su o qədər soyuq olub ki, özləri də donublar. Bu vaxt Hüseyn Muradov görüb ki, maşında bir uşaq da çapalayır. Kənd sakinləri güclərini toplayaraq içinə su dolmuş avtomobildən 14 yaşlı Gülayı da çıxarmağa müvəffəq olublar. Digər iki sərnişindən fərqli olaraq, daha çox boğulan Gülay, əvvəl özünü çox pis hiss etsə də, xoşbəxtlikdən nəfəsi özünə qayıdıb və ölümün cəngindən qurtulub. Baş verənlərin videosunu da təqdim edirik.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90