Xəbər verdiyimiz kimi, İrəvanda keçirilən Ermənistan-ABŞ strateji dialoqun ikinci iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsini tarixi məqam adlandırıb. O bildirib ki, sülh müqaviləsi layihəsinin hazırlanmasının tamamlanması üçün real imkan və tarixi məqam mövcuddur.
Busaat.az xəbər verir ki, Mirzoyan müqavilənin imzalanmasının regionda uzunmüddətli sülh üçün yeni bir qapı aça biləcəyi fikrindədir.
Milli Məclisin üzvü Elman Nəsirov mövzu ilə bağlı açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atılmaqdadır:
“Ola bilsin ki, Bakıda keçiriləcək COP29 tədbirinə qədər belə bir sənəd imzalansın. Ancaq təəssüf ki, bu proses ləng gedir. Xüsusilə son zamanlar keşiş Baqratın rəhbərliyi altında Paşinyan hakimiyyəti əleyhinə təzyiqlərin artması, onların ultimatum dili ilə danışması Ermənistanın siyasi hakimiyyətinin sülh müqaviləsi ilə bağlı məsələlərdə addımlarını ləngidən faktora çevrilib.
Bir yandan Ararat Mirzoyan ikitərəfli münasibətlərin normallaşmasından danışır, real sülh şəraiti olması barədə fikirlər səsləndirir, bir yandan da parlamentin sədri Simonyan tamamilə buna əks mövqe irəli sürür, dolayısı ilə Azərbaycana qarşı ərazi iddialarını qoyur”.
Elman Nəsirov: COP29-a qədər sülh müqaviləsi imzalana bilər
Deputat qeyd edib ki, həm Paşinyan, həm də Simonyan konstitusiyalarında bu kontekstdə hər hansı bir dəyişiklik etməyəcəklərinin sanki anonsunu verirlər:
“Ermənistan Konstitusiyasında həm Azərbaycana qarşı, həm də Türkiyəyə qarşı ərazi iddiaları öz əksini tapıb. Azərbaycan Prezidenti İlham Əliyev də söyləyib ki, bir dövlətin konstitusiyasında Azərbaycana qarşı, Türkiyəyə qarşı ərazi iddiaları əksini tapıbsa, burada münasibətlərin hər iki dövlətlə normallaşmasından söhbət getməsi də sual altındadır. İlk növbədə Ermənistan referendum keçirib bu məsələni həll etməlidir.
Referendum ideyası Ermənistana nə qədər aktual olsa da, son zamanlar bu prosesdə bir qədər geriləmə özünü göstərir. Bunu da birbaşa keşişin rəhbərliyi altında Paşinyana olan təzyiqlərlə əsaslandırmaq olar. Keşişin etiraz dalğası endikcə açıla bilər və artıq referendumla bağlı konkret addımın atılması mümkün ola bilər”.
E.Nəsirov vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsi imzalamadan, sərhədləri tam dəqiqləşdirmədən, kommunikasiyaları bərpa etmədən və Zəngəzur dəhlizi işə düşmədən Ermənistan düşdüyü blokada vəziyyətindən çıxa bilməyəcək.
“Paşinyan və komandası da bu vəziyyətin fərqindədir. Deməli, Ermənistanın nicatı Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Bunu da rəsmi İrəvan nə qədər tez dərk eləsə, bu istiqamətdə addımlar atsa, daha yaxşı olacaq”, – deyə deputat fikirlərini yekunlaşdırıb.Bakıvaxtı.az