“Kupça”sız evlər problemi həll olunur – AÇIQLAMA

image-evlerjpg-1728030052-1backend

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” ilə bağlı fərman imzalayıb.

Busaat.az bildirir ki, fərmana əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi əsasları müəyyənləşib. Yeni qaydaya görə, yeni yaşayış məhəllələrinin salınması zərurəti olduqda torpaqların kateqoriyaları dəyişdiriləcək.

Bəs görəsən, bu qayda sənədsiz evlərlə bağlı problemə necə təsir edə bilər?

Əmlak eksperti Ramil Qasımzadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, sözügedən fərman kənd təsərrüfatı və ya digər təyinatlı torpaq sahələrinin yaşayış məntəqələrinin torpaqları və digər təyinatlı sahələr üzrə dəyişidirilməsi baxımından çox əhəmiyyətli dəyişiklikdir.

Ekspertin fikrincə, yeni qərar minlərlə çıxarışsız ev probleminin həllinə təkan verəcək:

“Bakı şəhərində minlərlə evin çıxarış yoxdur. Bu evlər kənd təsərrüfatı təyinatlı torpaqlar olduğuna görə çıxarış almaq mümkün olmurdu. Bölgələrimizdə də eyni hal yaşanır. Hətta Meşə Fondu torpaqlarında kifayət qədər yaşayış məntəqələri salınıb. Bu ərazilərdə yaşayan vətəndaşlar mülkiyyətə dair çıxarış ala bilmirdilər. Fərmandan sonra artıq sıravi vətəndaş birbaşa Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilər. Əmlak Məsələləri Dövlət Xidməti müvafiq rəyləri topladıqdan sonra torpaqların kateqoriyasının dəyişidirilməsi üçün Nazirlər Kabinetinə müraciət edəcək”.

R.Qasımzadənin sözlərinə görə, indiyə kimi torpaq təyinatının dəyişdirilməsi Nazirlər Kabinetinin müstəsna səlahiyyətinə daxil idi. Lakin vətəndaşlar təyinatın dəyişdirilməsi ilə bağlı müraciət edə bilmirdi.

Müsahibimiz qeyd edib ki, indiyə qədər yalnız rayon icra hakimiyyətləri və bələdiyyələr Nazirlər Kabinetinə müraciət etdikdən sonra müvafiq qərarla torpaqların kateqoriyasının dəyişdirilməsi həyata keçirilirdi. Bu, uzunmüddətli bir proses idi. Bəzən müraciətlərdən biri illər sonra həll olunurdu:

“Lakin yeni dəyişiklikdən sonra müraciətlər İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul ediləcək. Müraciət qəbul olunandan sonra torpağın kateqoriyasının dəyişdirilməsi əsaslandırılacaq və müvafiq rəylər Nazirlər Kabinetinə təqdim olunacaq. Əgər müsbət qərar olarsa, artıq 3 iş günü ərzində məsələ öz həllini tapacaq”, – deyə ramil Qasımzadə bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki