
Qızıl və gümüşün qiymətində bahalaşma gözlənilir? – İqtisadçıdan AÇIQLAMA

2026-cı ilin sonuna doğru qızıl və gümüş bazarında qiymətlərin hansı istiqamətdə dəyişəcəyi maraq doğurur. Qlobal iqtisadi vəziyyət, inflyasiya göstəriciləri və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti qiymətli metalların dəyərinə təsir edən əsas amillər sırasındadır.
Bəs ilin sonunadək qızıl və gümüşün qiymətində yeni bahalaşma dalğası gözlənilirmi, yoxsa bazarda ucuzlaşma ehtimalı daha çoxdur?
Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, qızıl və gümüşün qiymətində həm bahalaşma, həm də ucuzlaşma ehtimalı mövcuddur. Onun sözlərinə görə, qiymətlərin gələcək istiqaməti, əsasən, qlobal inflyasiya gözləntilərindən və ABŞ-dan açıqlanacaq iqtisadi statistikadan asılı olacaq.
İqtisadçı qeyd edib ki, Amerikada inflyasiyanın yüksəlməsi və FED-in faiz dərəcələrini daha da artıracağına dair gözləntilərin güclənməsi qiymətli metalların ucuzlaşmasına səbəb ola bilər. Əksinə, inflyasiya göstəricilərinin proqnozlara uyğun və ya gözləniləndən aşağı açıqlanması qızıl və gümüşün qiymətində artımı dəstəkləyər.
Xalid Kərimlinin sözlərinə görə, neftin qiymətindəki dəyişikliklər də bu prosesə təsir göstərən amillərdəndir. Buna görə də ilin sonunadək qiymətli metallar bazarında konkret istiqamət müəyyənləşdirmək üçün inflyasiya göstəricilərini və ABŞ-ın pul-kredit siyasəti ilə bağlı qərarlarını izləmək vacibdir.
Beləliklə, 2026-cı ilin sonunadək qızıl və gümüş bazarında yeni bahalaşma ehtimalı istisna olunmur. Lakin inflyasiya və faiz siyasətindən asılı olaraq əks istiqamətli dəyişikliklər də mümkündür.
Şəhla Sabirli
Busaat.az
























