
Ermənistan Rusiyaya münasibətləri kəsmək niyyətində deyil

Ermənistan Rusiya ilə münasibətləri kəsmək, ikitərəfli əlaqələrdə böhran yaratmaq və ya Moskva ilə bütün körpüləri yandırmaq niyyətində deyil.
Busaat.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İctimai Televiziyanın efirində bildirib.
Onun sözlərinə görə, İrəvan Moskva ilə münasibətlərdə indiyədək yığılıb qalmış problemləri yenidən nəzərdən keçirmək, ikitərəfli əlaqələri sağlamlaşdırmaq və əməkdaşlığı davam etdirmək niyyətindədir.
“Biz heç bir halda Rusiya ilə münasibətləri kəsmək, ikitərəfli əlaqələrdə böhran yaratmaq və ya Rusiya Federasiyası ilə körpüləri yandırmaq niyyətində deyilik”, – deyə Kostanyan vurğulayıb.
Nazir müavini Rusiyanın Ermənistan üçün mühüm tərəfdaş olaraq qaldığını da qeyd edib. O, Rusiya tərəfinin də eyni mövqedə olacağına ümid etdiyini bildirib.
Kostanyanın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın dekabrın 3-də Moskvaya səfəri planlaşdırılır. Səfər çərçivəsində müzakirə olunacaq əsas məsələlərdən biri də iki ölkə arasındakı münasibətlərdə mövcud problemlər olacaq.
Şəhla Sabirli
Busaat.az























