
2027-ci ildə pensiya və müavinətlərdə hansı artım gözlənilir?

Gələn il pensiya, müavinət və digər sosial ödənişlərdə artımla bağlı müzakirələr gündəmdədir. Ailə büdcəsinə birbaşa təsir edən bu məbləğlər 2027-ci ilin büdcə proqnozlarında açıqlandıqca cəmiyyətdə maraq doğurur.
Müavinətlərdə hansı artımlar var?
2027-ci il büdcə layihəsi ilə bağlı yayılan məlumata görə, bir sıra sosial ödənişlərin xeyli artırılması planlaşdırılır:
Uşağın anadan olmasına görə birdəfəlik müavinət 600 manatdan 1500 manata çatdırıla bilər. Bu, 2,5 dəfə artım deməkdir.
Üç yaşınadək uşağa qulluq üzrə aylıq müavinətin 37 manat 58 qəpikdən 100 manata qaldırılması nəzərdə tutulur.
Dəfn müavinəti sığortaolunanlar üçün 590 manatdan 700 manata, pensiyaçılar üçün isə 946 manatdan 1200 manata yüksələ bilər.
Pensiyalar necə dəyişəcək?
Qanunvericiliyə əsasən, əmək pensiyaları əvvəlki ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdirilir. 2027-ci il proqnozlarında pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi və orta aylıq pensiyanın 640 manat civarında olması gözlənilir.
İqtisadçılar qeyd edirlər ki, pensiya və müavinətlərlə yanaşı, əsas məsələ bu artımın real alıcılıq qabiliyyətinə təsiridir. Açıqlanan rəqəmlər isə yalnız ilkin büdcə göstəriciləridir. Yekun və rəsmi məbləğlər büdcə təsdiq olunandan sonra dəqiqləşəcək.























