
Sığorta sektorunda yeni dövr başlayır – Vətəndaşları hansı yeniliklər gözləyir?

Süni intellekt və müasir texnologiyaların tətbiqi sığorta sektorunda ciddi dəyişikliklərə yol aça bilər. Sənəd dövriyyəsinin azaldılması, xidmətlərin elektronlaşdırılması və vətəndaşlara 24 saat fasiləsiz xidmət göstərilməsi əsas yeniliklər sırasında yer alır.
Mövzu ilə bağlı Busaat.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, yeni texnologiyaların tətbiqi sığorta xidmətlərinin daha operativ və əlçatan olmasına imkan yaradacaq:
“Əsas istiqamətlərdən biri sənəd dövriyyəsinin minimuma endirilməsi, digəri isə sığorta xidmətlərinin 24 saat ərzində əlçatanlığının təmin edilməsidir. Bu baxımdan süni intellekt əsasında fəaliyyət göstərən çatbotların yaradılması mühüm əhəmiyyət daşıyır. Vətəndaşlar sığorta hadisəsi baş verdikdə necə davranmalı olduqları, hansı sənədləri toplamalı və hadisə yerinin fotoşəkillərini necə çəkməli olduqları barədə operativ məlumat əldə edə biləcəklər”.
Ekspertin sözlərinə görə, gələcəkdə könüllü sığorta müqavilələrinin də elektron formada bağlanması imkanları genişləndirilə bilər:
“Hazırda elektron sənədləşmə əsasən avtomobil və əmlakın icbari sığortası üzrə tətbiq olunur. Gələcəkdə könüllü sığorta növlərinin də elektronlaşdırılması mümkündür. Eyni zamanda, sığorta müqavilələrinin müddətinin başa çatması ilə bağlı vətəndaşlara əvvəlcədən bildirişlərin göndərilməsi nəzərdə tutulur. İcbari sığorta müqavilələrinin müddəti bitdikdə vətəndaşların "myGov" platforması üzərindən məlumatlandırılması da bu istiqamətdəki yeniliklərdəndir”.
Emil Ağabağırov sığorta tarixçələrinin vahid elektron sistemdə toplanmasının da mümkün olduğunu diqqətə çatdırıb:
“Gələcəkdə həm icbari, həm də könüllü sığorta növləri üzrə məlumatların əks olunduğu mərkəzləşdirilmiş sistem yaradıla bilər. Məsələn, vətəndaşın əvvəlki sığorta şirkətində KASKO üzrə sığorta hadisəsi qeydə alınıbsa, digər şirkət də müvafiq sistem vasitəsilə bu məlumatı əldə edə və riskləri qiymətləndirə bilər”.
Ekspert əlavə edib ki, sığorta şirkətləri ilə aidiyyəti dövlət qurumlarının informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi məlumat mübadiləsini sürətləndirə, xidmət keyfiyyətini yüksəldə və əməliyyatların daha səmərəli həyata keçirilməsinə şərait yarada bilər.
Şəhla Sabirli
























