
Pentaqon Ukraynaya “Patriot” raketlərinin tədarükünü gecikdirir

ABŞ Müdafiə Nazirliyi Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün nəzərdə tutulan 60-a yaxın PAC-3 və PAC-2 raketinin, o cümlədən Avropa ölkələrinin ehtiyatlarından göndəriləcək raketlərin tədarükünü gecikdirir.
Busaat.az xəbər verir ki, bu barədə “Financial Times” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, gecikmələr ABŞ-nin müdafiə naziri Pit Heqsetin mövqeyi ilə əlaqədardır. Raketlərin Kiyevin Qərb müttəfiqlərinin vəsaiti hesabına alınmasına baxmayaraq, ABŞ-də istehsal edildiyi üçün onların Ukraynaya göndərilməsi Vaşinqtonun razılığını tələb edir. Bu qayda Avropa ölkələrinin hərbi ehtiyatlarından raketlərin təkrar ixracına da şamil olunur.
Bildirilib ki, sentyabrda 8, oktyabrda 10, noyabrda 10, dekabrda isə 12 PAC-3 raketinin Ukraynaya göndərilməsi planlaşdırılıb. Lakin indiyədək bu partiyaların heç birinin tədarükünə icazə verilməyib.
Qeyd edək ki, avqust ayında Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “Patriot” raket ehtiyatlarının 5 faizinin ölkəsinin qışı keçirməsi üçün kifayət edəcəyini bildirmişdi. Onun sözlərinə görə, 2026-cı ildə Ukraynanın sərəncamındakı tutucu raketlərin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə azalıb.
Oktyabrın ortalarında isə CNN Ukraynanın sözügedən zenit-raket kompleksləri üçün raket ehtiyatının tükəndiyini açıqlamışdı.
Şəhla Sabirli
Busaat.az























