
İspaniya Ali Məhkəməsindən tarixi qərar: Puçdemon amnistiya edildi

İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş rəhbəri və separatçı “Junts” partiyasının lideri Karles Puçdemonun amnistiya edilməsi barədə qərar qəbul edib. Bununla da Kataloniyanın müstəqilliyi ilə bağlı referendum üzrə cinayət işinə yekun vurulub.
Busaat.az xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” nəşri məlumat yayıb.
Məlumata görə, Ali Məhkəmənin Cinayət Palatası Puçdemonla yanaşı, Kataloniya hökumətinin keçmiş üzvləri Antoni Komin və Luis Puçun da mümkün cinayət məsuliyyətinə xitam verilməsini təsdiqləyib.
Beləliklə, məhkəmə hakim Pablo Lyarenanın daha əvvəl qəbul etdiyi qərarı qüvvədə saxlayıb. Hakim Konstitusiya Məhkəməsinin amnistiya ilə bağlı qərarına əsaslanaraq hər üç şəxs barəsində ilkin istintaqı dayandırmış və işi yekun qərar üçün Cinayət Palatasına göndərmişdi.
Xatırladaq ki, oktyabr ayında İspaniya Konstitusiya Məhkəməsi Puçdemonun ölkəyə qayıtmasına hüquqi imkan yaradan qərar qəbul etmişdi. Bununla belə, Kataloniyanın keçmiş rəhbəri noyabrın 29-na təyin edilmiş növbədənkənar seçkilərlə bağlı kampaniyanı əsas gətirərək hələlik İspaniyaya qayıtmaq niyyətində olmadığını açıqlamışdı.
Qeyd edək ki, 2023-cü ildə İspaniyanın Baş naziri Pedro Sançes parlamentdə iki katalon separatçı partiyasının dəstəyini qazanmaq müqabilində amnistiya təşəbbüsü irəli sürmüşdü.
2024-cü ildə isə Kataloniya Ali Məhkəməsi müstəqilliyin qanunsuz elan edilməsi ilə bağlı məhkum olunmuş bir siyasətçi və bir polis əməkdaşına amnistiya qanununu ilk dəfə tətbiq etmişdi.
Puçdemonun amnistiyası isə uzun müddət hüquqi mübahisələrə səbəb olmuşdu. Belçikada yaşayan keçmiş Kataloniya liderinə qarşı dövlət vəsaitinin mənimsənilməsi ittihamı da irəli sürülmüşdü. Həmin ittihamın amnistiya qanununun əhatə dairəsinə daxil olub-olmaması əsas mübahisə mövzularından biri idi.
Şəhla Sabirli
Busaat.az























