
İran nüvə silahlarının yayılmaması haqqında müqavilədən çıxa bilər – Parlament hazırdır

İran parlamenti (Məclis) ölkə rəhbərliyinin müvafiq qərar qəbul edəcəyi təqdirdə, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmasına dair qanunu təcili qaydada qəbul etməyə hazırdır.
Busaat.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi açıqlama verib.
Onun sözlərinə görə, ölkə rəhbərliyi müqavilədən çıxmaq barədə qərar qəbul edərsə, parlament qısa müddətdə bunun hüquqi əsaslarını təmin edə bilər.
“İslam İranı dövlət səviyyəsində belə bir qərara gəldiyi anda Məclis təcili qanun layihələri vasitəsilə məsul şəxslərin bu addımı atması üçün hüquqi zəmin yaratmağa hazırdır”, – deyə Əzizi bildirib.
Fars xəbər agentliyinin məlumatına görə, komitə sədri vurğulayıb ki, NPT-dən çıxmaqla bağlı qanun layihələri artıq deputatlar tərəfindən hazırlanaraq parlamentin qanunvericilik sistemində qeydiyyata alınıb.
Əzizi əlavə edib ki, parlament üzvləri sözügedən qanun layihələrini qəbul etmək üçün qəti siyasi iradəyə malikdirlər.
Qeyd edək ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə nüvə silahlarının yayılmasının qarşısının alınmasını, nüvə enerjisindən dinc məqsədlərlə istifadəni və nüvə tərksilahını nəzərdə tutur. İran hazırda bu müqavilənin iştirakçısıdır.
Şəhla Sabirli
Busaat.az























