
Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır – BMT-yə rəsmi bildiriş göndərildi

Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq barədə Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi bildiriş təqdim edib.
Busaat.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin depozitar qismində yaydığı məlumatda bildirilib.
Sənədə əsasən, Tacikistan noyabrın 20-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutundan çıxmaq qərarı barədə BMT-ni rəsmən məlumatlandırıb.
Qərar rəsmi bildirişin təqdim edilməsindən bir il sonra, yəni 20 noyabr 2027-ci ildə qüvvəyə minəcək.
Qeyd edək ki, Tacikistan 1998-ci ildə Roma Statutunu imzalayıb, 2000-ci ildə isə ratifikasiya edib. Sənədə əsasən, iştirakçı dövlətlər BMT-nin Baş katibinə yazılı bildiriş göndərməklə Statutdan çıxa bilərlər. Bildirişdə daha gec tarix göstərilmədiyi təqdirdə, qərar bir ildən sonra qüvvəyə minir.
Xatırladaq ki, Avropa İttifaqının Xarici Əlaqələr Xidməti daha əvvəl Tacikistanın Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirmişdi. Buna səbəb Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ilin oktyabrında Düşənbəyə dövlət səfəri etməsi göstərilmişdi.
Belə ki, 17 mart 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin və Rusiya Prezidentinin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar ukraynalı uşaqların qanunsuz deportasiyasında ittiham olunurlar.
Kremlin sözçüsü Dmitri Peskov isə həmin qərarı şərh edərkən Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımadığını açıqlayıb.
Məlumat üçün bildirək ki, Rusiya, ABŞ və Çin də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna tərəf deyillər.
1998-ci ildə qəbul edilmiş Roma Statutu əsasında yaradılan Beynəlxalq Cinayət Məhkəməsi BMT-nin strukturuna daxil deyil və müstəqil beynəlxalq məhkəmə orqanı kimi fəaliyyət göstərir.
Şəhla Sabirli
Busaat.az























