
Avropada qazın qiyməti kəskin bahalaşdı – SƏBƏB

Avropada təbii qazın qiyməti havaların soyuması və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükündə yaranan fasilələr fonunda təxminən 9 faiz artıb.
Busaat.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, bazar ertəsi təbii qaz üzrə əsas fyuçers müqavilələrinin qiyməti 8,6 faiz yüksələrək 1 meqavat-saat üçün 96,075 avroya çatıb. Bu, son bir həftədən artıq müddətdə qeydə alınan ən yüksək gündaxili artımdır.
“Atmospheric G2” şirkətinin proqnozlarına əsasən, cari həftə Şimal-Qərbi Avropada havanın temperaturu mövsümi normadan 3–5 dərəcə aşağı olacaq. Dekabrın əvvəlində isə temperatur fərqinin 5–8 dərəcəyə çatacağı gözlənilir.
Ekspertlər hesab edirlər ki, soyuq hava şəraiti istilik məqsədilə təbii qaza tələbatı artıraraq qiymətlərə əlavə təzyiq göstərə bilər.
Bununla yanaşı, Yaxın Şərqdə davam edən münaqişə səbəbindən mayeləşdirilmiş təbii qazın tədarükündə yaranan məhdudiyyətlər də bazardakı vəziyyəti gərginləşdirir.
Asiya ölkələrində, xüsusilə Yaponiya, Cənubi Koreya və Çində havaların soyuması isə qlobal qaz bazarında rəqabəti daha da gücləndirir.
Nəticədə Avropa və Asiya ölkələri arasında mayeləşdirilmiş təbii qaz uğrunda rəqabətin artması enerji qiymətlərinin yüksəlməsi riskini gücləndirir.
Şəhla Sabirli
Busaat.az























