
Rusiya kosmosa nüvə başlıqlı peyk çıxarmağa hazırlaşır – NATO-ya XƏBƏRDARLIQ

Rusiya yaxın həftələrdə orbitə nüvə başlığı ilə təchiz edilmiş peyk çıxara bilər.
Busaat.az xəbər verir ki, bu barədə Almaniyanın WDR və NDR telekanalları, eləcə də “Süddeutsche Zeitung” qəzetinin birgə jurnalist araşdırmasında bildirilir.
Araşdırmaya əsasən, “Sputnik-S” adlı kosmik aparat artıq yığılıb və bir neçə ildir Moskva vilayətində saxlanılır. İddia olunur ki, peykin orbitə buraxılması 2026-cı ilin sonunadək, ehtimal ki, dekabr ayında baş tuta bilər.
Məlumata görə, Almaniya hərbi dairələri və Federal Kəşfiyyat Xidməti mümkün təhlükə barədə ölkənin müdafiə naziri Boris Pistoriusu, eləcə də NATO üzrə müttəfiqlərini məlumatlandırıb.
Qərb hərbi dairələrində hesab edirlər ki, orbitdə nüvə partlayışı baş verərsə, bu, peyk infrastrukturunun əhəmiyyətli hissəsini sıradan çıxara bilər. Nəticədə rabitə və naviqasiya sistemlərinin fəaliyyəti pozula, enerji təchizatı və bank sektorunda ciddi problemlər yarana bilər.
Rusiyanın Berlindəki səfirliyi isə yayılan məlumatlara münasibət bildirərək belə bir kosmik aparat barədə informasiyaya malik olmadığını açıqlayıb. Diplomatik nümayəndəlik ittihamları Rusiyaya qarşı aparılan təbliğat kampaniyasının tərkib hissəsi adlandırıb.
Qeyd edək ki, 1967-ci ildə qəbul edilmiş Kosmos Müqaviləsinə əsasən, nüvə silahlarının və digər kütləvi qırğın silahlarının Yer orbitində yerləşdirilməsi qadağandır.
Məlumat Almaniyanın WDR, NDR və “Süddeutsche Zeitung” nəşrlərinin 23 noyabr tarixli araşdırması ilə də təsdiqlənir. Bununla belə, peykin mövcudluğu və buraxılış tarixi barədə iddialar hələ müstəqil şəkildə təsdiqlənməyib.
Şəhla Sabirli
Busaat.az























