
Zelenski: Ukraynaya müqavimət göstərməməyi tövsiyə etdilər

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Budapeşt Memorandumunu pozmasından sonra Kiyevə faktiki olaraq müqavimət göstərməməyin tövsiyə edildiyini bildirib.
Busaat.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, məhz bu yanaşma Rusiyanın Krımı ələ keçirməsinə və Donbasda müharibənin başlanmasına gətirib çıxarıb.
“Budapeşt Memorandumu çərçivəsində verilən təhlükəsizlik təminatları boş sözlərdən ibarət oldu. Rusiya imzaladığı sazişlər üzrə öhdəliklərini sadəcə pozdu. Bəs həmin vaxt nə baş verdi? Ukraynaya dedilər ki, müqavimət göstərməyin. Nəticədə Rusiya Krımı ələ keçirdi və Donbasda müharibəyə başladı”, – deyə Zelenski vurğulayıb.
Ukrayna liderinin fikrincə, həmin dövrdə baş verən hadisələr Moskvanın sonrakı hərbi addımlarını daha da genişləndirməsinə şərait yaradıb. Bu proses nəticədə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması ilə nəticələnib.
Bununla belə, Zelenski Rusiyanın Ukrayna ilə bağlı planlarının uğursuzluğa düçar olduğunu bildirib.
Şəhla Sabirli
Busaaat.az























