
DİM ləğv edilərək Elm və Təhsil Nazirliyinə birləşdirilə bilər? – Ekspertdən AÇIQLAMA

Azərbaycanda təhsil sisteminin idarə olunması ilə bağlı mümkün struktur dəyişiklikləri fonunda Dövlət İmtahan Mərkəzinin (DİM) gələcək taleyi də müzakirə mövzusuna çevrilə bilər. Xüsusilə ali məktəblərə qəbul imtahanlarını həyata keçirən qurumun Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ehtimalı diqqət çəkir.
Bəs DİM-in müstəqil qurum kimi fəaliyyətinə son qoyularaq Elm və Təhsil Nazirliyinə birləşdirilməsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən təhsil eksperti Fuad Hacıyev DİM-in Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ehtimalını real hesab etdiyini bildirib.
Ekspertin sözlərinə görə, nazirliyin son illərdə müxtəlif istiqamətlər üzrə mərkəzləşdirilmiş imtahanlar təşkil etməsi gələcəkdə bu sahədə səlahiyyətlərin vahid qurumda cəmləşdirilməsinə hazırlıq kimi qiymətləndirilə bilər:
“Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ehtimalını real hesab edirəm. Nazirlik artıq bir neçə ildir ki, müəllimlərin işə qəbulu və sertifikatlaşdırılması üzrə ölkə miqyasında imtahanlar keçirir. Məncə, bu silsilə imtahanlar həm də gələcəkdə imtahanların təşkilini bir qurumda cəmləşdirmək üçün hazırlıq xarakteri daşıyır. DİM-ə hələ də yeni rəhbərin təyin edilməməsinin mümkün səbəblərindən birini də bunda görürəm. Ola bilsin ki, rəhbər təyinatından əvvəl Mərkəzin gələcək statusu ilə bağlı qərar vermək istəyirlər”.
Fuad Hacıyev mümkün birləşmənin ciddi risklər yarada biləcəyini də diqqətə çatdırıb. O, hazırkı idarəetmə şəraitində DİM-in nazirliyin tabeliyinə verilməsini məqsədəuyğun saymadığını vurğulayıb:
“Şəxsən istəməzdim ki, DİM indiki idarəetmə şəraitində nazirliyin tabeliyinə verilsin. Bunun kifayət qədər ciddi səbəbləri var. Nazirliyin ictimaiyyəti narahat edən hadisələrə reaksiyasından tutmuş keçirdiyi imtahanlar ətrafında yaranan qalmaqallara qədər bir çox nümunə göstərmək olar. İmtahan nəticəsinə etiraz edən müəllim də, övladının sualına aydınlıq gətirmək istəyən valideyn də qurumdan vaxtında və əsaslandırılmış cavab gözləyir. Sabah ali məktəblərə qəbul imtahanları da nazirliyə həvalə olunsa, bu məsuliyyət daha da artacaq”.
Təhsil eksperti hesab edir ki, belə bir struktur dəyişikliyinə gediləcəyi təqdirdə ilk növbədə Elm və Təhsil Nazirliyinin idarəetmə mexanizmləri yenidən nəzərdən keçirilməlidir. Onun fikrincə, imtahanların təşkili, nəticələrə edilən etirazların araşdırılması və mümkün səhvlərin aradan qaldırılması ilə bağlı məsuliyyət bölgüsü dəqiq müəyyənləşdirilməlidir.
“Əgər belə bir birləşmə nəzərdə tutulursa, hesab edirəm ki, ilk növbədə nazirliyin özündə köklü struktur dəyişikliyi aparılmalıdır. İmtahanın təşkilinə kimin cavabdeh olduğu, şikayətlərə kimin baxdığı və səhv aşkarlandıqda onu kimin, hansı müddətdə aradan qaldıracağı əvvəlcədən aydın olmalıdır. Qarşıda hansı qərarın veriləcəyini zaman göstərəcək. Mənim mövqeyim budur ki, bu dəyişikliklər həyata keçirilmədən DİM-in nazirliyin tabeliyinə verilməsi məqsədəuyğun olmaz”, – deyə Fuad Hacıyev bildirib.
Qeyd edək ki, DİM-in Elm və Təhsil Nazirliyinə birləşdirilməsi ilə bağlı rəsmi qərar barədə məlumat yoxdur. Ekspertin səsləndirdiyi fikirlər mümkün struktur dəyişikliyi ilə bağlı şəxsi qiymətləndirmə və ehtimallara əsaslanır.
Şəhla Sabirli
Busaat.az
























