
Rusiya Avropa nümayəndələrini Moskvaya dəvət etdi – Aİ-dən AÇIQLAMA

Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişənin nizamlanması məsələsini müzakirə etmək üçün Rusiya tərəfindən Moskvaya dəvət olunduğunu təsdiqləyib.
Busaat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sözçüsü Paula Pinyo brifinq zamanı açıqlama verib.
Onun sözlərinə görə, Brüssel danışıqların çoxtərəfli formatda aparılmasına üstünlük verir.
“Biz həqiqətən də bu dəvətdən xəbərdarıq. Bununla belə, diqqətimizi çoxtərəfli formatda keçirilən görüşlərə yönəltmişik və həmin görüşlərdə iştirak etməyə hazırıq”, – deyə Pinyo bildirib.
Bundan əvvəl Yelisey Sarayından verilən açıqlamada qeyd olunub ki, avropalı nümayəndələr danışıqlarda “tam hüquqlu iştirak” imkanının təmin olunacağı təqdirdə Moskvaya səfər edə bilərlər.
Fransa Prezidentinin administrasiyası Rusiya tərəfinin dialoqu rəsmiləşdirmək təşəbbüsünü müsbət addım kimi qiymətləndirib.
Xatırladaq ki, noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin Avropa nümayəndələrinin Moskvaya dəvət olunduğunu açıqlayıb.
Putinin sözlərinə görə, görüşün əsas məqsədi Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Avropa ölkələrinin mövqeyini öyrənmək, həmçinin hərbi əməliyyatlar başa çatdıqdan sonra Avropa İttifaqının Ukrayna ərazisində qoşun yerləşdirmək planlarını müzakirə etməkdir.
Rusiya lideri vurğulayıb ki, Avropanın mövqeyi aydınlaşdıqdan sonra Moskva Kiyevlə danışıqların hansı formatda davam etdiriləcəyinə qərar verəcək.
Şəhla Sabirli
Busaat.az























