
Aleksandar Vuçiç ölümlə hədələndiyini açıqladı

Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiç ölümlə hədələndiyini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə Serbiyanın “Novosti” qəzeti məlumat yayıb.
Parlament seçkilərinin nəticələrinə əsasən müxalifətdə qalan Vuçiç “Pink” telekanalının efirində ona qarşı ciddi sui-qəsd təhlükəsinin olduğunu iddia edib.
“Dünən, noyabrın 22-də mənə qarşı ən ciddi ölüm təhdidləri səsləndirilib. Mənə açıq və birmənalı şəkildə öldürüləcəyim barədə mesaj göndərilib”, – deyə Vuçiç bildirib.
Onun sözlərinə görə, təhdid Serbiyada fəaliyyət göstərən və “Vraçar klanı” kimi tanınan mütəşəkkil cinayətkar qruplaşmadan gəlib.
Vuçiç təhlükəsizliyinin təmin olunması məsələsində polisə etibar etmədiyini də vurğulayıb. O, bunu son etiraz aksiyaları zamanı baş verən yanğınlar və digər iğtişaşlarla bağlı məsul şəxslərə indiyədək ittiham irəli sürülməməsi ilə əlaqələndirib.
Sabiq prezident xatırladıb ki, etirazlar zamanı “Pink” telekanalının redaksiyası da hücuma məruz qalıb.
Qeyd edək ki, Vuçiç 2023-cü ildə Serbiyada Polis Günü münasibətilə keçirilən tədbirdə hər gün təxminən 200 ölüm təhdidi aldığını, lakin bunu fəaliyyətinin bir hissəsi kimi qəbul etdiyini bildirmişdi.
Xatırladaq ki, daha əvvəl Aleksandar Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verərək dövlət başçısının səlahiyyətlərini parlamentin sədri Ana Brnabiçə təhvil verib.
Şəhla Sabirli
Busaat.az























