
İsraildə İrana mümkün hücumla bağlı qalmaqallı açıqlama: “Netanyahunun əmri qanunsuz olacaq”

İsrailin müxalifətdə olan “Bizim Evimiz İsrail” Partiyasının (NDİ) lideri Aviqdor Liberman Baş nazir Benyamin Netanyahunun İrana hərbi zərbə endirilməsi barədə mümkün əmrini qanunsuz hesab edəcəyini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə İsrailin “Vesti İsrail” nəşri məlumat yayıb.
Məlumata görə, Liberman partiyasının parlament fraksiyasının qapalı iclasında çıxışı zamanı İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı ciddi xəbərdarlıq edib.
“Son vaxtlar Amerika və İsrail mediasında İranın kimyəvi silah əldə etməyə çalışdığı barədə məlumatlar yayılıb. Əgər bu məlumatlar doğrudursa, bu, ciddi təhlükədir. Lakin həmin təhlükə ABŞ-nin iştirakı olmadan müstəqil və təcili hərbi əməliyyatlara haqq qazandırmır”, – deyə Liberman bildirib.
Onun sözlərinə görə, Netanyahu belə bir qərar qəbul edərsə, bu addım yalnız siyasi və şəxsi maraqlardan irəli gələcək.
“Buna görə də belə bir qərara açıq-aşkar qanunsuz əmr kimi yanaşılmalıdır”, – deyə müxalifət lideri vurğulayıb.
Libermanın açıqlaması İsrailin İrana qarşı mümkün hərbi əməliyyatları ilə bağlı ölkə daxilində siyasi fikir ayrılıqlarını yenidən gündəmə gətirib.
Qeyd edək ki, Liberman noyabrın 20-də də İrana dərhal zərbə endirilməsini əsaslandıran kəşfiyyat məlumatı görmədiyini açıqlayıb.
Şəhla Sabirli
Busaat.az























