
Kiyevdə kafe və restoranlar kütləvi şəkildə bağlanır

Ukraynanın paytaxtı Kiyevdə infrastruktura endirilən zərbələr və iqtisadi vəziyyətin pisləşməsi fonunda kafe və restoranlar kütləvi şəkildə fəaliyyətini dayandırır.
Busaat.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, restoran biznesi müştəri sayının azalması, elektrik enerjisi və su təchizatında fasilələr, yanacağın bahalaşması və işçi çatışmazlığı ilə üzləşib. Uzunmüddətli hava həyəcanı siqnalları səbəbindən sakinlərin şəhərin mərkəzinə daha az üz tutması da vəziyyəti ağırlaşdırıb.
Artıq iri restoran şəbəkələri fəaliyyətlərini məhdudlaşdırmağa başlayıblar. “Gastro Family” iki restoranını bağlayıb, daha ikisinin fəaliyyətini dayandırıb. “Pesto Cafe” şəbəkəsi isə 20 restoranından yeddisini müvəqqəti bağlayıb.
“Çernomorka” restoran şəbəkəsi müştəri sayının 20 faiz azalması səbəbindən iki restoranını Ukraynanın qərb bölgələrinə köçürmək qərarına gəlib.
“Hazırkı şəraitdə zərər etmədən fəaliyyət göstərə bilən sahibkarı şanslı hesab etmək olar”, – deyə “Çernomorka” şəbəkəsinin inkişaf üzrə direktoru Dmitri Kostrubin bildirib.























