
Ukraynadan Rusiyaya xəbərdarlıq: Hərbi hədəflərə zərbə endirmək hüququmuz var

Beynəlxalq hüquq Ukraynanın Rusiyanın hərbi təcavüzünə cavab verəcəyi məkanın seçimini məhdudlaşdırmır.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi Liviya XİN-in bəyanatına münasibət bildirərkən açıqlama verib.
Onun sözlərinə görə, Kiyevin hərəkətləri BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna əsaslanır.
“Ukraynanın təcavüzkarın qanuni hərbi hədəflərinə zərbə endirmək hüququ var. Bunlara Rusiyanın hərbi gəmiləri, hərbi texnika və resurs daşıyan yük gəmiləri, eləcə də Rusiyanın hərbi maşınını dəstəkləyən ‘kölgə donanması’nın tankerləri daxildir”, – Tixi bildirib.
XİN rəsmisi vurğulayıb ki, Ukrayna heç bir ölkəni müharibəyə cəlb etmir və hərbi əməliyyatları başqa ölkələrin ərazisinə daşımaq məqsədi güdmür.
Onun sözlərinə görə, Kiyev mütənasiblik prinsipinə riayət edir və mümkün əlavə riskləri minimuma endirməyə çalışır.
“Limanlarda baş verən insidentlərlə bağlı suallar Rusiyaya ünvanlanmalıdır. Çünki Rusiya üçüncü ölkələrin mülki infrastrukturundan hərbi məqsədlər üçün istifadə edərək onları təhlükə qarşısında qoyur”, – diplomat qeyd edib.
Tixi əlavə edib ki, Ukrayna Liviyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Kiyevin məqsədi Rusiyanın hərbi təcavüzünə qarşı mübarizə aparmaqdır, Liviyaya və onun xalqına zərər vurmaq deyil.
Şəhla Sabirli
Busaat.az























