
Rusiya NATO sərhədində hərbi qüvvələrini artırır

Rusiya NATO ilə sərhəd bölgələrində hərbi infrastrukturunu genişləndirməyə davam edir. Leninqrad vilayətinin Kamenka qəsəbəsində yerləşən ən böyük sərhədyanı hərbi qarnizonda hərbçilərin sayının 11 min nəfərə çatdırılması planlaşdırılır.
Busaat.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” nəşri peyk görüntülərinə istinadən məlumat yayıb.
Bildirilib ki, 69-cu qvardiya motoatıcı diviziyasının yerləşdiyi hərbi şəhərcikdə köhnə kazarmalar və anqarlar sökülərək yeniləri ilə əvəz olunur. Ərazidə, həmçinin təlim mərkəzi və atış poliqonu inşa edilir.
Əvvəllər Kamenkada təxminən 4,5 min hərbçidən ibarət briqada yerləşib. Ukraynada müharibə başlayandan sonra isə briqadanı diviziya əvəz edib. Hazırda qarnizonun sakinlərinin sayı 8 min nəfərə yaxındır.
Nəşrin məlumatına görə, yenidənqurma işləri Kareliya, Murmansk və Leninqrad vilayətlərindəki digər hərbi obyektləri də əhatə edir. Rusiya uzun müddət məhdud şəkildə istifadə olunan həmin obyektləri yenidən bərpa edir.
Şəhla Sabirli
Busaat.az























