
Əraqçi: İranı qurudan blokadaya almaq mümkün deyil

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin qurudan blokadaya alınmasının mümkünsüz olduğunu bəyan edib.
Busaat.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Əraqçinin sözlərinə görə, sərhədyanı əlaqələr, insanlar arasında münasibətlər, eləcə də tarixi və mədəni bağlar İrana tətbiq edilən məhdudiyyətləri aşmaq üçün geniş imkanlar yaradır.
Nazir vurğulayıb ki, İranın geniş ərazisi və əyalətlərinin müxtəlifliyi ABŞ-nin sanksiyalarından və məhdudiyyətlərindən yayınmağa imkan verəcək.
Qeyd edək ki, noyabrın əvvəlində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru yolları və Xəzər dənizi vasitəsilə silah daşımasının qarşısını almaq məqsədilə xüsusi əməliyyat qrupunun yaradıldığını açıqlayıb.
CENTCOM-un rəhbəri, admiral Bred Kuper bildirib ki, “Iron Gate” (“Dəmir qapı”) adlı əməliyyat qrupunun yaradılması İrana qarşı dəniz blokadasının effektivliyini artıracaq.
Onun sözlərinə görə, ABŞ-nin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi İranın terrorizmi maliyyələşdirmək, silah istehsalı müəssisələrini bərpa etmək və silahlı qüvvələrini yenidən təchiz etmək imkanlarını daha da məhdudlaşdıracaq.
Şəhla Sabirli























