
Ukrayna Rusiyaya Aralıq dənizində zərbə endirdi – Əməliyyatın təfərrüatları

Ukrayna xüsusi təyinatlıları Liviyada Rusiyaya məxsus gəmilərə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.
Busaat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” əməliyyatdan məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Liviyanın beynəlxalq səviyyədə tanınan hökumətinin nəzarətində olan qərb bölgəsində yerləşən Ukrayna xüsusi təyinatlıları bir neçə ay ərzində Rusiya gəmilərinin hərəkətini izləyiblər.
Əməliyyat nəticəsində Rusiyanın “Merkuri” hərbi gəmisi batıb, “Anqara” yük gəmisində isə yanğın baş verib.
Ukrayna Prezidenti Volodimir Zelenski əməliyyatda yerli istehsal olan dəniz dronlarından istifadə edildiyini açıqlayıb.
Nəşrin mənbələrinin məlumatına görə, bu, Ukraynanın Aralıq dənizində Rusiya ilə əlaqəli gəmilərə qarşı həyata keçirdiyi dördüncü əməliyyatdır. Kiyev əvvəlki hücumlara görə məsuliyyəti açıq şəkildə üzərinə götürməyib.
Liviyanın Tripolidə yerləşən hökuməti xarici hərbçilərin ölkə ərazisində fəaliyyət göstərməsinə icazə vermədiyini bildirib. Ölkənin Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyətindən əməliyyatla bağlı təcili rəsmi izahat tələb edib.
Qeyd olunur ki, Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriyadakı hərbi-dəniz bazasından tam istifadə imkanını itirən Rusiya Afrikaya silah daşınması üçün alternativ liman axtarışına başlayıb. Bu məqsədlə Moskva Liviyanın şərqinə nəzarət edən general Xəlifə Haftarla əlaqələrini gücləndirib.
Şəhla Sabirli























