
Bağdad İraq Kürdüstanının neft yataqlarını nəzarətə götürür

İraqın Baş naziri Əli əz-Zeydi ölkənin müvafiq nazirliklərinə və təhlükəsizlik qurumlarına İraq Kürdüstanının neft ehtiyatlarının və sərhəd keçidlərinin federal hakimiyyətin nəzarətinə götürülməsi ilə bağlı göstəriş verib.
Busaat.az xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb.
İraqın neft naziri Basem Xudeyr Kürdüstan rəhbərliyini federal “North Oil Company” şirkətinə məxsus neft yataqlarına qanunsuz nəzarət etməkdə ittiham edib və həmin yataqların mərkəzi hökumətin idarəçiliyinə qaytarılmasını tələb edib.
Nazirin sözlərinə görə, aparılan araşdırmalar zamanı İraqın şimalındakı yataqlardan hasil edilən neftin qaçaqmalçılıq yolu ilə daşınması faktları aşkarlanıb.
Baş nazir Kürdüstan hökumətindən İraqın Neft Nazirliyinin razılığı olmadan neft və neft məhsullarının ixracına icazə verməməyi tələb edib. Nazirliyə Diyala, Kərkük, Neynəva və Səlahəddin əyalətlərindəki neft yataqlarını nəzarətə götürmək tapşırılıb.
Bundan əlavə, Daxili İşlər Nazirliyinə neft obyektlərində müşahidə kameralarının quraşdırılması, aidiyyəti qurumlara isə neft məhsullarının ölkə daxilində və xaricə daşınmasını tənzimləyən vahid mexanizmin hazırlanması barədə göstəriş verilib.
Sərhəd xidmətinə bütün qeyri-rəsmi sərhəd keçid məntəqələrinin bağlanması, hərbçilərə isə bölgədəki torpaq yolların nəzarətə götürülməsi tapşırılıb.
Şəhla Sabirli
Busaat.az























