
Ukrayna müharibə strategiyasını dəyişir – Rusiyanı nə gözləyir?

Ukrayna bəyan edib ki, Rusiyanın hərbi təcavüzünə qarşı özünümüdafiə hüququ zərbələrin endiriləcəyi məkanla bağlı seçimlərini məhdudlaşdırmır. Kiyevin bu mövqeyi müharibənin yeni mərhələyə keçə biləcəyi ilə bağlı ehtimalları gücləndirir.
Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Ukraynanın son bəyanatı Rusiyaya qarşı daha sərt hərbi strategiya yürütmək niyyətindən xəbər verir:
“Bu açıqlama göstərir ki, Ukrayna Rusiyaya qarşı hərbi əməliyyatlarda coğrafi məhdudiyyətlər tətbiq etmək niyyətində deyil. Əvvəllər Qərb tərəfindən Ukraynaya Rusiyanın enerji infrastrukturu və müəyyən obyektlərinə zərbələr endirməməsi ilə bağlı təzyiqlər var idi. Lakin son proseslər Kiyevin bu istiqamətdə daha sərt mövqe nümayiş etdirdiyini göstərir. Xüsusilə Krım körpüsünün hədəfə alınması diqqətçəkən hadisə idi. Çünki həmin körpü Rusiyanın Krımı işğal etməsinin simvollarından biri hesab olunur”.
Politoloqun sözlərinə görə, Ukrayna bundan sonra Rusiyaya qarşı hücum strategiyasını daha da gücləndirə bilər:
“Ukrayna hərbi əməliyyatlarda özünə əlavə məhdudiyyətlər qoyarsa, istədiyi nəticəni əldə etməkdə çətinlik çəkə bilər. Hesab edirəm ki, son bəyanat Kiyevin daha sərt hücum strategiyası həyata keçirmək niyyətindən xəbər verir. Rusiyanın iri şəhərlərində yerləşən mühüm obyektlərin hədəfə alınması ehtimalı da istisna edilmir. Bu isə müharibənin gedişinə ciddi təsir göstərə bilər”.
Zeynal Əmrəliyev vurğulayıb ki, Ukraynanın strategiyasındakı dəyişiklik yalnız hərbi deyil, həm də psixoloji xarakter daşıyır:
“Son dövrlərdə Ukraynanın müdafiə yönümlü strategiyadan daha fəal hücum taktikasına keçdiyi müşahidə olunur. Kiyev bununla Rusiyaya hərbi və psixoloji təzyiqi artırmağa, eləcə də müharibənin gedişində əsaslı dönüş yaratmağa çalışır”.
Şəhla Sabirli
Busaat.az
























