
Bakının yollarında təzə qayda - Yeni svetoforlar tıxacları azaldacaqmı?

Bakıda ilk dəfə avtobuslar üçün xüsusi svetoforlar quraşdırılacaq. Yeni sistemin tətbiqi sürücülər üçün bir sıra yeniliklər yaradacaq.
Bəs bu svetoforlar yollarda hərəkətə necə təsir edəcək, tıxacları azaldacaqmı və digər sürücülər hansı qaydalara əməl etməlidirlər?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, yeni svetoforların avtobusların hərəkətini asanlaşdıracağını bildirib:
“Quraşdırılacaq yeni svetoforlar yalnız avtobusların hərəkətini tənzimləmək və onların fəaliyyətini optimallaşdırmaq məqsədi daşıyır. Digər nəqliyyat vasitələrinin sürücüləri isə mövcud svetoforların siqnallarına uyğun hərəkət edəcəklər. Yəni avtobuslar üçün nəzərdə tutulan yeni svetoforların digər hərəkət iştirakçılarına birbaşa təsiri olmayacaq. Onlar həmin svetoforların işıqlarına əsasən hərəkətlərini planlaşdırmayacaqlar. Ərazidə digər nəqliyyat vasitələri üçün ənənəvi svetoforlar da fəaliyyət göstərəcək.
Yeni svetoforlar avtobuslara hansı istiqamətdə hərəkət etmək, nə vaxt dayanmaq və digər hərəkətləri yerinə yetirmək barədə göstəriş verəcək. Bu sistem avtobusların fəaliyyətinin daha səmərəli təşkilinə və ictimai nəqliyyatın işinin yaxşılaşdırılmasına kömək edəcək”.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə qeyd edib ki, bu svetoforlar yalnız avtobus zolağı ilə hərəkət edən marşrut avtobusları üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, belə svetoforlar Bakıda cəmi 3-4 yerdə, avtobuslarla digər nəqliyyat vasitələrinin yollarının kəsişdiyi ərazilərdə quraşdırıla bilər:
“Bu svetoforlar yalnız avtobuslara aiddir. Özü də bütün avtobuslara deyil, yalnız avtobus zolağı ilə hərəkət edən marşrut avtobusları üçün nəzərdə tutulub. Bunun digər nəqliyyat vasitələrinə aidiyyəti yoxdur. Əks halda, tramvaylar üçün də belə svetoforlar quraşdırılardı. Lakin hazırda Azərbaycanda tramvay nəqliyyatı yoxdur.
Belə svetoforlar Bakıda cəmi 3-4 yerdə quraşdırıla bilər. Çünki onların tətbiqinə yalnız avtobus zolağı ilə digər nəqliyyat vasitələrinin hərəkətinin kəsişdiyi və müəyyən ziddiyyətlərin yarandığı nöqtələrdə ehtiyac var. Bu ziddiyyətləri aradan qaldırmaq və avtobusların hərəkətini tənzimləmək üçün ayrıca svetofor quraşdırılır. Ümumi nəqliyyat svetoforu isə digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini tənzimləyir.
Hesab edirəm ki, bu yeniliyin ümumi nəqliyyat axınına ciddi təsiri olmayacaq. Tıxacların artmasına və ya azalmasına da əhəmiyyətli təsir göstərməyəcək. Məqsəd konkret yol sahələrində avtobusların hərəkətini daha təhlükəsiz və nizamlı təşkil etməkdir”.























