
İsveçrə Gülnarə Kərimovanın daha 252,5 milyon dollarını Özbəkistana qaytarır

Özbəkistan və İsveçrə ölkənin sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın müsadirə olunmuş aktivlərinin növbəti hissəsinin qaytarılması barədə razılığa gəliblər.
Bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qaytarılacaq vəsaitin həcmi 252,5 milyon dollar təşkil edəcək. Həmin maliyyə BMT və Dünya Bankının iştirakı ilə "İşonç-2030" etimad fondu vasitəsilə səhiyyə və təhsil sahələrindəki sosial proqramlara yönəldiləcək.
Xatırladaq ki, tərəflər 2022 və 2025-ci illərdə də ümumi dəyəri təxminən 313 milyon dollar olan aktivlərin geri qaytarılmasına dair sazişlər imzalayıblar. Müxtəlif ölkələrdə Kərimova ilə əlaqəli aktivlərin ümumi dəyəri təqribən 1,4 milyard dollar qiymətləndirilir.
Qeyd edək ki, Gülnarə Kərimova hədə-qorxu ilə tələb etmə, mənimsəmə və cinayətkar birlik yaratma maddələri üzrə məhkum edilib. 2020-ci ildə onun həbs müddəti 13 il 4 aya qədər artırılıb.
Şəhla Sabirli
Busaat.az























