
Neftin qiyməti kəskin bahalaşır: “Brent” 100 dolları ötə bilər

Dünya bazarında neftin qiyməti Yaxın Şərqdə geosiyasi risklərin artması fonunda yüksəlməkdə davam edir.
Bakı vaxtı ilə saat 15:30-a olan məlumata görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 0,25 faiz artaraq bir barel üçün 96,81 dollara, WTI markalı neftin qiyməti isə 2,25 faiz yüksələrək 85,56 dollara çatıb.
Qiymət artımına husilərin Səudiyyə Ərəbistanındakı “Ras-Tənura” neft emalı zavoduna endirdiyi zərbə də təsir göstərib. Hücumdan sonra müəssisədə istehsal proseslərinin bir hissəsi dayandırılıb.
Bundan başqa, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında iki neft tankerinin minalara düşərək partladılması barədə açıqlaması da bazarda narahatlığı artırıb. Tankerlərdən biri 2 milyon bareldən çox neft daşıyıb.
ANZ analitikləri hesab edirlər ki, Yaxın Şərqdə münaqişə daha da kəskinləşməsə belə, “Brent” markalı neftin qiyməti bir barel üçün 100 dolları ötə bilər.
“Bloomberg”in məlumatına görə, OPEC+ ölkələri qarşıdan gələn bazar günü keçiriləcək iclasda 2027-ci ilin yanvar ayında neft hasilatı üzrə mövcud kvotaların saxlanılması məsələsini müzakirə edəcəklər.
Şəhla Sabirli
Busaat.az























