
Çində 2 400 tondan çox qızıl ehtiyatı aşkarlandı – Dəyəri 279 milyard dolları ötür

Çində iki ayrı bölgədə aparılan geoloji araşdırmalar nəticəsində ümumilikdə 2 400 tondan çox qızıl ehtiyatının mövcudluğuna dair məlumatlar əldə edilib. Nəhəng ehtiyatların nəzəri dəyərinin təxminən 279 milyard dollar olduğu hesablanır. Kəşf zamanı diqqət çəkən məqamlardan biri isə Dadonggou yatağında qazılan bütün kəşfiyyat quyularında qızılın aşkarlanmasıdır.
Çin Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Liaonin əyalətinin Dadonggou bölgəsində 1 400 tondan çox qızıl ehtiyatı müəyyən edilib. Bu, 1949-cu ildən bəri Çində bir yataqda aşkarlanan ən böyük qızıl ehtiyatı hesab olunur.
Bir troya unsiyası qızılın 3 550 dollar qiyməti əsasında aparılan hesablamalara görə, Dadonggou yatağındakı ehtiyatların nəzəri dəyəri təxminən 165 milyard dollardır. Bununla belə, bu rəqəm bütün qızılın çıxarılmasının mümkün və ya iqtisadi baxımdan sərfəli olduğu anlamına gəlmir.
Liaonin əyalətindəki kəşflə yanaşı, Hunan əyalətinin Vangu bölgəsində də 1 000 tondan çox qızıl ehtiyatının ola biləcəyi ehtimal edilir. Buradakı tapıntılar ilk dəfə 2024-cü ildə ictimaiyyətə açıqlanıb.
Əvvəlki hesablamalarda Wangu yatağındakı qızıl ehtiyatlarının dəyərinin 600 milyard yuanı, yəni təxminən 83 milyard dolları keçdiyi bildirilirdi. Son qızıl qiymətləri əsasında aparılan hesablamalara görə isə bu göstərici təxminən 114 milyard dollara yüksəlib.
Beləliklə, iki yataq üzrə ümumi qızıl ehtiyatının nəzəri dəyəri təxminən 279 milyard dollar təşkil edir.
Şəhla Sabirli
Busaat.az























