
İran Küveytə PUA hücumlarına görə məsuliyyəti rədd etdi: Birgə araşdırma təklif olundu

İran Küveytə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlarda iştirakını inkar edib. Hücumlar nəticəsində İtaliyanın iki vətəndaşı həlak olub. İranın xarici işlər naziri Abbas Əraqçi ittihamları əsassız adlandıraraq hadisənin Roma və Küveytin iştirakı ilə birgə araşdırılmasını təklif edib.
Busaat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Əraqçi Küveyt və İtaliyanın xarici işlər nazirləri, şeyx Cərrah Cabir əl-Əhməd əl-Sabah və Antonio Tayani ilə telefon danışığı aparıb. Daha sonra o, “X” sosial şəbəkəsində paylaşım edərək hadisənin şübhəli olduğunu və “əvvəlcədən hazırlanmış müharibə ssenarisinə” bənzədiyini bildirib.
İranlı nazir hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün Küveyt və İtaliya ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Antonio Tayani İtaliya Senatında çıxışı zamanı İranın bir neçə PUA ilə Küveytdəki hərbi obyektlərə, o cümlədən hava hücumundan müdafiə sisteminin radar mərkəzinə zərbə endirdiyini açıqlayıb. Hücum zamanı Almaniyanın “Rheinmetall” müdafiə şirkətində çalışan iki italiyalı mütəxəssis həlak olub.
Küveyt rəsmisi şeyx Cərrah Cabir əl-Əhməd əl-Sabah hücumu “İranın dəhşətli təcavüzü” adlandıraraq İtaliyaya başsağlığı verib.
İran silahlı qüvvələrinin yüksək rütbəli nümayəndəsi Əbolfazl Şekarçi isə ölkəsinin regionda hər hansı hərbi əməliyyat keçirdiyini təkzib edib. O, ABŞ və İsraili vəziyyəti gərginləşdirmək məqsədilə hücumu başqa ölkənin üzərinə atılan əməliyyat kimi təqdim etməkdə ittiham edib.
İranın Fars agentliyi də təhlükəsizlik strukturlarındakı anonim mənbəyə istinadən Ukraynanın regionda, o cümlədən İraqın Kürdüstan bölgəsində minlərlə PUA-dan ibarət şəbəkə yerləşdirdiyini iddia edib. Lakin bu iddianı təsdiqləyən hər hansı sübut təqdim olunmayıb.
İranın Romadakı səfirliyi də yaydığı bəyanatda ölkəsinin hadisəyə hər hansı aidiyyəti olduğunu qəti şəkildə rədd edib və müharibənin miqyasının genişləndirilməsi cəhdlərinə qarşı xəbərdarlıq edib.
Bu arada Səudiyyə Ərəbistanı İranı hücumları dərhal dayandırmağa çağırıb və baş verənlərin nəticələrinə görə Tehranı məsul tutduğunu bildirib. Bəhreyn isə BMT Təhlükəsizlik Şurasına müraciət edərək İranın məsuliyyətə cəlb olunmasını və dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb edib.
Qətər Küveytə təkrarlanan hücumların regionda gərginliyin azaldılmasına yönəlmiş diplomatik səyləri poza biləcəyini vurğulayıb. BƏƏ, Suriya və İordaniya da hücumu pisləyib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə Tehrana təzyiqlərin artırılmasına çağırıb. O, Fars körfəzi ölkələrinin təhlükəsizliyinin Avropanın təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu bəyan edib.
Şəhla Sabirli
Busaat.az























