
Hindistanda 400 min nəfərin qatıldığı möhtəşəm toy keçirildi – 150 limuzin, 6 helikopter meydançası...

Hindistanın şərqində yerləşən Bixar ştatında keçirilən beşgünlük toy mərasimi miqyasına görə rekord qırıb. Təntənəli mərasimdə azı 400 min nəfər iştirak edib.
Bu barədə ANI agentliyi məlumat yayıb.
Toy ölkənin ən yoxsul ştatlarından biri hesab edilən Bixarda, kəndlərin birində təşkil olunub. Mərasimin təşkilatçısı yerli Qanunvericilik Məclisinin deputatı Ananta Sinqh olub. O, kiçik qızını ailə həyatı qurmağa yola salıb.
Bir neçə hektar ərazini əhatə edən toy məclisi üçün altı helikopter meydançası salınıb. Qonaqlar üçün 150 növ yemək hazırlanıb. Bu məqsədlə 300 mətbəxdə ölkənin ən yaxşı 500-dən çox aşpazı çalışıb.
Bəy mərasimə retro kabriolet avtomobillə gəlib. Onu 150-dən çox limuzindən ibarət, uzunluğu 8-10 kilometrə çatan avtomobil karvanı müşayiət edib.
Beş gün davam edən şənlikdə at yarışları da təşkil olunub. Ölkənin müxtəlif bölgələrindən gətirilən 20-yə yaxın atın iştirak etdiyi yarışın qalibinə avtomobil hədiyyə edilib.
Məşhur siyasətçinin qızının toyu minlərlə yerli sakinin də diqqətini çəkib. Pulsuz yemək əldə etmək istəyən sakinlər mərasim keçirilən əraziyə axışıb. Mümkün izdiham və basabas təhlükəsi səbəbindən təşkilatçılar yüzlərlə mühafizəçi cəlb etsələr də, ərazidə asayişi qorumaq çətin olub.
Qeyd edək ki, gəlinin atası Ananta Sinqh müxtəlif cinayət əməllərində ittiham olunaraq həbsdə saxlanılır. O, toy mərasimində iştirak etmək üçün girov müqabilində müvəqqəti azadlığa buraxılıb. Siyasətçi gələn həftə cəzasını çəkməyə davam etmək üçün yenidən həbsxanaya qayıtmalıdır.
Şəhla Sabirli
Busaat.az























