
Putin və Paşinyan hərbi baza məsələsini müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyada keçirilməsi planlaşdırılan görüşündə respublikadakı Rusiya hərbi bazasının gələcəyi müzakirə olunacaq.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kreml nümayəndəsi qarşıdakı danışıqların gündəliyində Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində fəaliyyətini davam etdirmək istəyi məsələsinin də yer alacağını bildirib.
Peskovun sözlərinə görə, Ermənistanın Aİ-yə doğru istiqamətlənməsi ilə Aİİ çərçivəsində əməkdaşlığı davam etdirmək istəyi bir-biri ilə uzlaşmır. Bununla belə, o vurğulayıb ki, mövcud çətinliklərə baxmayaraq, Moskva ilə İrəvan arasında kifayət qədər geniş əlaqələr qorunub saxlanılır.
Qeyd edək ki, Paşinyan dekabrın 3-də Moskvaya işgüzar səfər edərək Putinlə görüşməyi planlaşdırır.
Şəhla Sabirli
Busaat.az























