
Süni intellekt Rusiyada işçilərin 13 faizini əvəzləyə bilər – Maaş fondunda 25 trilyon rubl qənaət

Süni intellektin (Sİ) geniş tətbiqi Rusiyada ofis və ticarət sahələrində çalışan işçilərin bir qisminin işini əvəzləyə, müəssisələrə isə əməkhaqqı xərclərini azaltmağa imkan verə bilər.
Bu barədə “Sber” və Ümumrusiya Əmək Elmi-Tədqiqat İnstitutunun birgə apardığı “Süni intellekt hansı işi öz üzərinə götürəcək?” adlı araşdırmada bildirilib.
Tədqiqat müəlliflərinin qənaətinə görə, süni intellektin yayılması Rusiyada çalışan əhalinin 51 faizinin fəaliyyətinə təsir göstərəcək. Onların 38 faizi yeni texnologiyalara uyğunlaşaraq iş prinsiplərini dəyişməli olacaq. Bu qrupa rəhbərlər, mühəndislər, müəllimlər və həkimlər daxildir.
İşçilərin 13 faizinin isə fəaliyyətini tamamilə süni intellekt əvəzləyə bilər. Söhbət əsasən satıcılar, mühasiblər və rəhbər köməkçilərindən gedir.
Araşdırmaya əsasən, mühafizəçilərin, sürücülərin və fəhlələrin işinə süni intellektin təsiri gözlənilmir. Ümumilikdə, fiziki əmək tələb edən sahələrdə çalışan 208 peşə üzrə 36,3 milyon insan yeni texnologiyaların təsir dairəsindən kənarda qalacaq.
Tədqiqatda qeyd olunur ki, avtomatlaşdırma riski daha çox aylıq əməkhaqqı 62-75 min rubl arasında olan vəzifələrdə çalışanlara aiddir. Daha aşağı maaş alan işçilərin gördüyü işlərin 76 faizi süni intellektin təsirindən kənarda qalır. Yüksək əməkhaqqı alanlar üçün isə süni intellekt tapşırıqların 85 faizini daha səmərəli yerinə yetirməyə imkan verəcək.
Müəlliflərin hesablamalarına görə, süni intellektin tətbiqi işçilərin vaxtına qənaət etməklə yanaşı, işəgötürənlərə əməkhaqqı fondunun 27 faizini saxlamağa imkan verəcək. Bu, illik təxminən 25 trilyon rubl deməkdir.
Hazırda Rusiyada ümumi əməkhaqqı fondunun həcmi 91 trilyon rubl təşkil edir.
Şəhla Sabirli
Busaat.az























