Xəbər verdiyimiz kimi, Günəşdə bir anda bir neçə alışma aşkar edilib və bu səbəbdən avqustun 9 və 10-da planetimizdə maqnit qasırğası gözlənilir.
Busaat.az bildirir ki, son 24 saat ərzində daha bir neçə tac kütləsinin atılması müşahidə olunub. Proqnozlara görə, avqustun 9-u gecə – avqustun 10-u gündüz saatlarında Yer kürəsində mülayim maqnit qasırğası gözlənilir.
Həmçinin Günəşdəki iki tac dəliyinin tezliklə Yerə doğru dönəcəyi və bunun da maqnit qasırğasını gücləndirə biləcəyi bildirilir.
Bəs maqnit qasırğası insanlara necə təsir göstərir? Fəsadlardan necə qorunmaq olar?
Busaat.az bu suallara həkim-cərrah, professor Adil Qeybulla ilə birlikdə cavab axtarıb.
Adil Qeybulla: Maqnit qasırğalarının təsiri bəzi insanlarda daha aydın şəkildə hiss edilir
Həkim bildirib ki, maqnit qasırğaları insanlarda fizioloji və psixoloji dəyişikliklərə səbəb olur:
“Maqnit qasırğalarının insanlara təsiri ilə bağlı tədqiqatlar göstərir ki, bu hadisələr bir çox fizioloji və psixoloji dəyişikliklərə səbəb ola bilər. Belə ki, maqnit qasırğaları zamanı Yerin maqnit sahəsinin dəyişməsi bədəndəki biomagnetik proseslərə müdaxilə edə bilər. Bu dəyişikliklər, xüsusilə, ürək-damar sisteminə təsir edə bilər. Maqnit qasırğaları zamanı ürək döyüntülərinin sürətlənməsi, qan təzyiqinin dəyişməsi və hətta ürək ritminin pozulması halları artır. Bu, xüsusən də ürək xəstəliyi olan insanlar üçün daha ciddi nəticələrə gətirib çıxara bilər”.
Müsahibimiz qasırğaların bəzi insanlara daha çox təsir göstərməsindən söz açıb:
“Maqnit qasırğalarının təsiri bəzi insanlarda daha aydın şəkildə hiss edilir. Bu insanlar maqnit sahəsinin dəyişmələrinə qarşı daha həssas ola bilərlər. Bu cür həssas insanlar, maqnit qasırğaları zamanı özlərini daha narahat və əsəbi hiss edə bilərlər. Bu hadisələrin təkrarlandığı dövrlərdə isə onların fiziki və psixoloji vəziyyətlərində daha böyük dəyişikliklər baş verə bilər.Bu hadisə bədəndə olan melatonin kimi hormonların səviyyəsinə təsir edə bilər. Melatonin yuxu və oyanıqlıq dövrlərini tənzimləyən bir hormondur və onun səviyyəsinin dəyişməsi yuxu pozğunluqlarına səbəb olur. Belə qasırğalar zamanı melatonin səviyyəsində azalma müşahidə edilə bilər ki, bu da yuxusuzluğa və yuxu keyfiyyətinin pisləşməsinə gətirib çıxara bilər”.
Sonda Adil Qeybulla qeyd edib ki, meteohəssas insanlar xüsusilə diqqətli olmalıdırlar:
“Maqnit qasırğaları zamanı ürək-damar xəstəlikləri olan şəxslərin diqqətli olması xüsusi əhəmiyyət daşıyır. Belə insanlar həkimlərinin tövsiyələrinə uyğun olaraq dərmanlarını vaxtında qəbul etməli və stressdən uzaq durmağa çalışmalıdırlar. Eyni zamanda, fiziki fəaliyyəti minimuma endirmək bu cür qasırğaların təsirini azalda bilər. Yuxu pozğunluqları və sinir sistemi ilə bağlı problemləri olan şəxslər də maqnit qasırğaları zamanı özlərinə daha çox diqqət yetirməlidirlər. Bu dövrlərdə yuxu rejimini qorumaq, mümkün qədər dincəlmək və stresi azaltmaq məqsədilə relaksasiya texnikalarından istifadə etmək faydalıdır. Məsələn, meditasiya və ya nəfəs məşqləri əsəbiliyin və narahatlığın azalmasına kömək edə bilər. Sağlam qidalanma da maqnit qasırğaları zamanı bədənin müqavimətini artırmaq üçün vacibdir. Antioksidantlarla zəngin olan qidalar, bədənə daxil olan sərbəst radikalları təsirsiz hala gətirərək maqnit qasırğalarının yaratdığı stressə qarşı bədəni gücləndirə bilər. Meyvə, tərəvəz, tam taxıl məhsulları bu cür qidalara nümunədir”.