“Bəzi məmurların hərbi səfərbərlikdə iştirak etməmək üçün övladlarını xaricə göndərməsi barədə məlumatlar yayılır.
Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu məsələni ciddi araşdırmalıdır. Əgər belə hallar varsa, onlar aşkar edilib ortaya çıxarılmalıdır və həmin məmurların adları açıqlanmalıdır”.
BUSAAT.AZ xəbər verir ki, bu fikirləri “demokrat.az”a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
Deputat deyib ki, hərbi səfərbərlikdən kimsə boyun qaçıra bilməz.
Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq hər kəs kimi məmur övladları da Vətən qarşısında borcunu yerinə yetirməlidir:
“Burada heç bir ayrı-seçkilik ola bilməz”.
“Pikap” tipli avtomobillərin YPX postlarında saxlanılması barədə xəbərlərə də toxunan Vahid Əhmədov qeyd edib ki, həmin avtomobillərin qeydiyyata salınması tam qanuni addımdır:
“Bu barədə qanunda da qeyd olunub. Hələlik Müdafiə Nazirliyinin bu tip avtomobillərə ehtiyacı olduğu üçün onları saxlayırlar. Digər avtomobillərə ehtiyac yaranarsa, onlar da saxlanılacaq. Hətta, ehtiyac olsa, məmur övladlarının sürdüyü bahalı “cip”lər də toplanılacaq”.