
“Meydan TV” işi ilə bağlı yeni faktlar - Şəmşad Ağayev “Meydan TV”nin yeni rəhbəri imiş

Şəmşad Ağa nə vaxtdan Meydan TV-də işləyib?
Şəmşad Ağayev və Meydan TV-nin digər əməkdaşları Aytən Həsənova, Kamran Mahmudov, Həbib Müntəzir, Orxan Məmmədov, Ömər Məmmədov və Gürcüstan üzrə nümayəndə Sevda Səmədova ilə birgə “Telegram”-da yaratdıqları qrupda ölkəmizlə bağlı hazırlanacaq qərəzli məqalələr barədə müzakirə aparıblar.
Qonorarlar necə göndərilib?
Şəmşad Ağayev Meydan TV üçün material dərc edən Günel İsayevaya 435 AZN qonorar göndərib. Bu vəsait Günel İsayevanın bacısı qızı Aidə Əhmədovanın bank hesabına köçürülüb.
Meydan TV əməkdaşlarının xərclərini kimlər qarşılayır?
Meydan TV-nin heyətinin bütün xərcləri donorlar tərəfindən qarşılanır. Əldə olunan məlumatlar göstərir ki, onların ölkədən kənarda mütəmadi görüşləri təşkil olunur. Şəmşad Ağayev də xaricdə bu media resursunun digər ölkələrdə fəaliyyət göstərən nümayəndələri ilə mütəmadi görüşüb.
«Amerikanın səsi»nin müxbirinə niyə təzyiq olunur?
Şəmşad Ağayevin hazırda «Amerikanın səsi» media resursunda işləyən Samirə Əliyevaya istintaqa doğru ifadə verdiyinə görə təzyiq göstərdiyi müəyyən edilib. Aparılan danışıqlardan görünür ki, Şəmşad Ağayev Samirə Əliyevanı istintaqda yalan ifadə verməyə təşviq edir. “Hər şeyi hamımız çox yaxşı bilirik, amma özünüzü doğruluq, dürüstlük abidəsi kimi qələmə verirsiniz” deyə, Samirə Əliyeva bildirir.
“2vur2 Media” layihəsində nələr müzakirə olunub?
Şəmşad Ağayev 2023-cü ildə “Clubhouse” tətbiqi üzərindən fəaliyyət göstərən “2vur2 Media” onlayn ictimai müzakirə platformasında “Media və söz azadlığı” ilə yanaşı 10 mövzunun müzakirə olunduğu layihədə ödəniş müqabilində redaktorluq edib. Bu layihədə, həmçinin xaricdə yaşayan jurnalist Elməddin Şamilzadə (Elmi Shamilon), Həbib Müntəzir, redaktor kimi Time TV-nin rəhbəri Emil Cəfərov, dizayner olaraq “Amerikanın səsi”nin jurnalisti Ülviyyə Quliyeva (Ülviyyə Əli) iştirak ediblər.
Elməddin Şamilzadə “2vur2 Media” ilə əlaqədar yaradılmış “Telegram” qrupunda layihədə işlənilməsini təklif etdiyi mövzuların siyahısını göndərib. Mövzular arasında LGBT+ haqları və onların siyasətdə təmsilçiliyinin də olması diqqəti cəlb edir.
Nurlan Libre Almaniyadan sığınacaq gözləyir
Əldə olunan məlumata görə, sonuncu bələdiyyə seçkilərində xüsusi fəallıq göstərərək seçki məntəqələrindən təxribat xarakterli videolar hazırlayan Nurlan Qəhrəmanlı (Nurlan Libre) da həmin materialları paylaşılması üçün Şəmşad Ağayevə göndərib. Nurlan Librenin Azərbaycanda guya “təzyiq və zorakılıqlara” məruz qaldığını əsas göstərib, Almaniyaya siyasi sığınacaq üçün müraciət etdiyi müəyyən edilib.
“Meydan TV” ilə bağlı sonuncu kimlər həbs olunub?
Şəmşad Ağayev bu il fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub. Şəmşad Ağa barəsində 2 ay 1 gün müddətində həbs-qətimkan tədbiri seçilib.Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Şəmşad Ağayevlə birlikdə “Meydan TV”nin baş redaktoru işləmiş Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib. Şahnaz Bəylərqızı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Buna qədər isə “Meydan TV”nin Azərbaycan ofisinin rəhbəri Aynur Qəmbərova (Elgünəş) və daha 6 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.























