
Merts: Rusiya Ukraynadan daha çoxunu istəyir – Avropanı açıq şəkildə hədələdi

Almaniya kansleri Fridrix Merts Rusiyanın yalnız Ukrayna ilə kifayətlənmək niyyətində olmadığını və müxtəlif regionlarda gərginliyi geniş miqyasda artırdığını bildirib.
Busaat.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Merts noyabrın 25-də büdcə ilə bağlı çıxışı zamanı Rusiyanın məqsədlərinin Ukraynadan daha geniş olduğunu vurğulayıb.
“Rusiya nə istədiyini dəqiq bilir və onun istəyi yalnız Ukrayna ilə məhdudlaşmır. Bunu dərk etməyənlər ya dünyanı olduğu kimi anlamırlar, ya da ölkəmizin azadlığına, açıqlığına və liberal dəyərlərinə zidd olan başqa məqsədlər güdürlər”, – deyə kansler bildirib.
Merts əlavə edib ki, Almaniya uzun müddət müdafiə, infrastruktur, demoqrafik dəyişikliklər və iqtisadiyyat sahələrindəki fundamental problemlərə lazımi diqqət yetirməyib. Onun sözlərinə görə, bu məsələlərin həlli artıq təxirəsalınmaz xarakter daşıyır.
Kansler iddia edib ki, Rusiya Baltikyanı regionda, Polşada, Qara dənizdə, hətta kosmik məkanda gərginliyi artırır.
“Rusiya gərginliyi böyük miqyasda yüksəldir. Bura öz sərhədlərimiz daxilində baş verənlər də daxildir. Hətta insan həyatları bahasına... Məhz buna görə biz avropalılar Rusiya üçün aydın sərhədlər müəyyən etməliyik və bunu edəcəyik”, – Merts vurğulayıb.
Şəhla Sabirli
Busaat.az























