Paşinyanın erməni şovenizminin maraqlarına xidmət edən ağıllı və qətiyyətli siyasətçi olduğunu düşünməyənlər və ya bu fikirlə razılaşmayanlar yazını oxumağa davam etməsin. Xahiş edirəm, nə biz boşuna vaxt itirək, nə siz anlamayacağınız yazıya vaxt sərf edin…
Siyasətdə realist baxış əsasdır. Əsası olmayanlar bu yazını doğru anlaya bilməyəcəkdir.
Bəli, etiraf edək ki, Nikol Paşinyan erməni siyasətində bu günə qədər parlamış “ən ağıllı erməni”lərdən biridir, bəlkə də birincisidir.
Paşinyan iqtidarda olduğu dövlətin nə olduğunu, onun tarixini və bu gününü çox yaxşı bilir. Xalqını sevir və onu “daha xoşbəxt gələcəyə çıxarmağın” yollarını axtarır. Ağlını istifadə edə bilən Paşinyan ən azından Robert Koçaryan və Serj Sarkisyan kimi şovenist duyğularının əsiri olmadı. Paşinyan yaxşı dərk edir ki, ssenarisi Moskvada cızılmış “erməni maraqları” ermənilərə xoşbəxtlik vəd etmir. Bu maraqlar Moskvanın maraqlarıdır və Moskva erməniləri qurban verməklə Cənubi Qafqazı nüfuz dairəsinə salmaq istəyir. Necə ki, ABŞ Rusiyanı dünya siyasətində “ikinci dövlət”etmək üçün Ukraynanı qurban verir…
Elə Ermənistanda bərqərar olan Nikol Paşinyan iqtidarından sonrakı Moskva-İrəvan münasibətlərindəki soyuqluq da bunun təzahürüdür.
Düzdür, Paşinyan da digər erməni liderləri kimi Qarabağda “erməni maraqları”nı təmin etməyə çalışır. Ancaq burada incə fərq var: Əvvəlki erməni liderləri və Moskva beynəlxalq sistemi nəzərə almadan, sadəcə güc yolu ilə hadisələrə müdaxilə edərək, həm erməniləri, həm də Ermənistanı təcavüzkar siyasətin mərkəzinə gətirdilər. Moskvanın şüurlu şəkildə həyata keçirdiyi bu planı Koçaryan-Sarkisyan cütlüyü şovenist duyğularından doğan “müdriklikləri” ilə tamamladılar.
Ancaq Paşinyan daha geniş çərçivədən siyasət xətti yeridir. O, əvvəlcə ölkəsini Moskvanın “təbəsi” kimi əmralan tərəf olmaqdan çıxarıb. Fransa və ABŞ simasında öz dövlətinə yeni havadar tapıb. Ermənistanın daxili siyasətindəki güclər nisbətini balanslaşdırıb. Artıq Ermənistan daxilində həlledici söz sahibi “Qarabağ klanı” və ya hansısa başqa rusmeyilli klan deyil. Hətta Hindistan və bəzi Avropa ölkələrini də Ermənistanın tərəfdaşına çevirməkdədir. Bütün bu addımlar isə, Rusiyanın iradəsindən kənarda baş verir.
Əlbəttə, Rusiya güclü Ermənistan istəmir. Rusiya Qafqaz ölkələrinin heç birinin güclənməsindən və böyüməsindən yana deyil. Çünki onun imperiya maraqları hələ də bu regionu “özününkü” bilir.
Ermənistan isə, Gürcüstan və Azərbaycandan fərqli olaraq, həmişə Rusiyanın “proyekti” kimi davranıb. Məhz buna görə, bu gün Ermənistanın Rusiyanın iradəsinə zidd addımlar atması Moskvada erməni dövlətinin yox, Paşinyan iqtidarının adına yazılır. Çünki Rusiya onun iradəsi ilə qurulan “proyekt dövləti” həmişə əmrlərinə sössüz tabe olan bir qurum kimi görüb. Ermənistan dövləti 2018-ci ilə qədər, məhz xarici siyasətini Moskvadan gələn əmrlərlə qurub. Yəni bu gün İrəvanda qəbul edilən anti-Rusiya qərarları Ermənistan dövlətinin deyil, Paşinyanın məharətidir…
Bütün bunlar deməyə əsas verir ki, hazırda Moskva və İrəvan arasında bir müharibə gedir. Bu müharibə isə, gizli davam edir və heç bir halda əks-səda doğurması istənilmir. Xüsusilə Moskva istəmir ki, onun proyektinin Rusiyanın maraqlarına qarşı çıxdığı reallığı dünya gündəminin manşetində yer alsın.
Ona görə də, hələlik nə Rusiya, nə də Ermənistanda Moskva-İrəvan hesablaşmasını dilə gətirirlər. Hələlik bu hesablaşma Paşinyanın şəxsi üzərində qurulub.
Təbii buradan belə bir sual ortaya çıxır: Madam hadisələrin mərkəzində Paşinyan yer alır, o halda Paşinyan Moskvaya qalib gələ biləcəkmi?
Cavabın xülasəsini əvvəldən verək: Xeyr. Paşinyan hər nə qədər ağıllı davransa da, hər nə qədər xalqını düşünsə də, Moskvaya qalib gəlməsi imkansızdır. Bunun bir sıra səbəbləri var:
1. Paşinyan Rusiyaya qarşı atdığı bütün addımlarda Qərbdən (ABŞ da bura daxildir) aldığı dəstəyə əmindir. Ancaq razılaşmalıyıq ki, hazırki məqamda və gələcəkdə də Cənubi Qafqazda söz sahibi olacaq dövlətlər region ölkələri və Türkiyə və Rusiyadır. Paşinyanın Qərbin təsir imkanlarının sıfıra bərabər olduğu bir bölgədə regiona təsir edə biləcək iki əsas dünya dövləti ilə eyni anda çəkişməsi, həm də Rusiya və Türkiyənin bir sıra regional təhdidlərə, xüsusilə də Fransa və ABŞ-a qarşı ortaq maraqlarının artması fonunda Paşinyan ciddi risk edir.
2. Paşinyan işğalçı dövlətin başındadır. Təcavüzkar tərəf olan Ermənistana “sivil maska” altında gizlənmiş ABŞ və Fransa həledici dəstək verə bilməzlər, verməyəcəklər. Çünki bu iki ölkənin imperial maraqlarının əsas təminatçısı onların “sivil maska” altında pərdələdikləri “demokratiya oyunu”dur. İndi, hansısa Ermənistana görə ABŞ və Fransa oyunu yarımçıq saxlamayacaqlar. Həm də ki, ABŞ və Fransanın regiona təsir imkanları azdır. Əksinə, işğal dövləti Ermənistana Rusiya dəstək verirdi və verər. Çünki o da işğalçıdır. Rusiya “demokratiya oyunu”nun iştirakçısı deyil, maskası isə çoxdan cırılıb. Ən əsası, Rusiya öz maraqlarını qorumaq üçün təcavüz etməkdən və ya təcavüzə dəstək verməkdən çəkinmir. Paşinyanın anti-Moskva qərarları onu ən böyük “dəstəkdən” məhrum edib, hətta ən böyük dəstəkçi, indi əsas düşmənə çevrilib.
Əslində Paşinyan buna məcburdur. Çünki onun əsas məqsədi Qarabağı əlində saxlamaq və Ermənistanı Cənubi Qafqazda dominant ölkəyə çevirmək deyil. Bu Paşinyanın ikinci məqsədidir. Paşinyan üçün öncəlik “müstəqil Ermənistan” və onun 1991-ci ildən sonrakı sərhədlərini müdafiə etməkdir…
3. Paşinyanın rəhbərlik etdiyi dövlətin gücü kifayət etmir. Ermənistanın dövlət olaraq Rusiya kimi nəhəng bir ölkə ilə üzləşmək potensialı yoxdur. Moskva zamanı gələndə Paşinyanı devirmək üçün ən son versiyaya – güc istifadəsinə başlayacaq. Ermənistan isə, dövlət olaraq Rusiya ilə üzləşməyəcək. Paşinyanın qurban verilməsi Ermənistanın xilası kimi qəbul olunacaq. Bunun bir səbəbi də xalq amilidir ki, onu dördüncü bənddə izah edəcəyik.
4. Ermənistan xalqı hələki şovenist duyğularından arınmayıb. Ermənilər hər kəsə kölə olmağa razıdırlar. Yetər ki, onlar türklərə qarşı bütün nankor addımlarını reallaşdıra bilsinlər. Əlbəttə, “ən ağıllı erməni” olan Paşinyan bu fikri dəyişmək və erməniləri soyuq başla siyasətə yanaşma vərdişlərinə sahibləndirmək istəyir. Bunun üçün effektiv işlər də görüb. Amma hələ də ermənilərin böyük əksəriyyəti “Qarabağ klanı”nın və digər radikal qrupların ideoloji xəstəliyinin qurbanıdır. Sabah Paşinyan devriləndə ilk onlar bayram edəcəklər…
Beləliklə, əminliklə demək olar ki, Nikol Paşinyan Moskvaya qarşı başladığı savaşı elə başlamamışdan əvvəl uduzub. Sadəcə hələlik ümumi dünyəvi siyasətdə ciddi problemləri olan Kreml Ermənistan məsələsini ikinci plana atıb. Moskva ilk fürsətdə bu məsələyə geri dönəcək və Paşinyanı 2018-ci ildən sonrakı bütün yaşananlar üçün mühakimə edəcək…
Bax o zaman, nə Makron müdaxilə edə biləcək, nə Bayden siyasətdə olacaq…
Busaat.az/Həşim Səhrablı