Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli yeni hədəflər, demokratik dəyişim və ölkəmizi gözləyən yeniliklərlə bağlı fikirlərini bölüşüb.
Busaat.az siyasətçinin sözügedən məqaləsini təqdim edir:
Prezident İlham Əliyev: “…Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi. Mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar fikirlərini bildirsinlər, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır? Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”.
Çox gözəl, olsun. Bir baxış, bir yanaşma da bizdən. İstənilən cəmiyyət üçün bütün uğurlu fikirlər müzakirələrdən doğar.
Nədir bu “Yeni dövr”? Yeni dövr deyəndə nə başa düşülməlidir? Sosial-iqtisadi sahədə artımmı? Köhnə nazirlərin, yüksək vəzifə tutan şəxslərin işdən çıxarılmasımı?
Hər şeydən öncə “Yeni dövr” anlayışına aydınlıq gətirilməlidir.
Yəni, yenidən 7 il prezident səlahiyyətlərinə sahib olan İlham Əliyev indi nə vəd edir “Yeni dövr” dedikdə? Biz nə gözləyirik bu “Yeni dövr”ün dəyişim prosesindən? Problemin qoyuluşu belə olsa, daha məntiqli olar.
Biz cəmiyyət olaraq nə istəyirik, gələcəyimizə yönəlik hansı dəyişiklikləri arzulayırıq – bu suallarla yanaşı, xalqı düşündürən başqa bir sual da var: həqiqətən, bizi seçkidən sonra, son vaxtlar haqqında çox yazılıb-pozulan dəyişiklik gözləyirmi? Gəlin, sualı bir də belə qoyaq: bu yeni dövrə keçidə hakimiyyətin ehtiyacı varmı?
Ancaq bütün bu sualların fövqünə çıxan başqa bir məsələ də var: bugünkü Azərbaycanda DƏYİŞİM mümkündürmü? Hər kəs bir nəfər kimi bu dəyişimə hazırdımı və bunu gerçəkdən istəyirmi?
Söhbət, istisnasız olaraq, cəmiyyətin hər bir fərdindən gedir. Günlük həyatında “hörmət” anlayışını şüuraltında rüşvət kimi qavrayan və onu rutin kimi qəbul edən müəllim, həkim, polis, prokuror, hakim, nazir, mühasib, müdir, işçi, fəhlə, pensiyaçı, işsiz, taksi, TIR sürücüsü və s. bütün bu dəyişikliklərə hazırdımı? İstəyirmi? Təhsili, səhiyyəsi, dövlət idarələri rutin şəklində rüşvət və korrupsiyaya batmış, zəncir şəklində bir-birinə bağlı davam edən bu zərərli “karusel”in fərdləri, dəyişimə hazırdımı?
Ümumiyyətlə, haqqında bəhs elədiyimiz bu dəyişim prosesini, abstrakt da olsa, təsəvvür edirmi, qəbul edirmi?
Bəli, biz də razılaşırıq ki, yeni dövrə keçmək labüddür. Fikrimcə, 3 əsas konseptual məsələnin həlli ilə yeni dövrün təməllərini atmaq olar:
1. Demokratik institutlaşma prosesinin sürətləndirilməsi.
Dəyişimi labüd edən əsas vacib məsələlərdən biri, əlbəttə, demokratik institutların formalaşması və oturuşmasıdır. Mən əvvəlki yazılarımda da qeyd etmişdim, 1988-ci ildə Azərbaycan xalqı Azadlıq meydanına 3 əsas istək ətrafında toplaşmışdı:
1. Müstəqilliyin bərpası;
2. Qarabağ və ərazi bütövlüyümüzün, suverenliyimizin təmin olunması;
3. Demokratik cəmiyyət quruculuğu;
Xankəndinə bayraq sancılan gün, Azadlıq meydanında ayağa qalxmış xalqın üç istəyindən ikisi gerçək oldu. Müstəqil dövlətimiz torpaqlarımızın bütövlüyünü təmin etdi, suverenliyimiz bərpa olundu.
Düzdür, burada hələ də problemlər qalır, məsələn, Rusiya sülhməramlılarının bölgədən çıxarılmaması suverenliyimiz üçün hələ də təhdiddir. İkinci əsas məsələ, Ermənistanla qalıcı bir sülh müqaviləsi hələ də bağlaya bilməmişik, bu da ciddi problemdir. Unutmayaq ki, Rusiya hər yerdə qandan bəhrələnən bir dövlət kimi, konfliktlərin uzun sürməsi üçün əlindən gələni edəcək.
Nəhayət, Qarabağa köçün, yəni məskunlaşmanın aparılması siyasəti tam şəkildə həllini tapmayıb. Yeni dövrə keçiddə bu problemlər sürətli şəkildə həllini tapmalıdır ki, digər məsələlərdə vaxt itkisi yaşamayaq.
İndi gələk xalqın üçüncü əsas hədəfinə – yolu uzun olan demokratiyaya…
Hər zaman bir sual bütün bəşəriyyəti düşündürüb. Demokratiya nə üçün lazımdır və ya demokratiyanı niyə müdafiə etməliyik? (Bu sualların geniş cavabları Robert Dahlın yazdığı, rəhmətlik Hikmət Hacızadənin bizim üçün hazırladığı “Demokratiya haqqında” kitabında da var. Bu gün hamının oxumasının zəruri və vacib olduğu əsərdir).
Azərbaycanda, daha dəqiq desək, postsovet ölkələrindəki demokratiya mücadiləsi hər zaman xüsusi həssaslıqla müzakirə edilir.
Postsovet ölkələrində 90-cı illərdə demokratiyanın və müstəqilliyin ilk dalğasının gətirdiyi xalq hakimiyyətləri Sovetlərin (Rusiyanın) uzun illər formalaşmış və püxtələşmiş “KQB” casus şəbəkəsi sisteminin əli ilə ustalıqla devrildi. Demokratları bacarıqsız, qabiliyyətsiz, səriştəsiz, xaosa və vətəndaş müharibəsinə səbəb olacaq hərəkətlərdə suçladılar və bu ölkələrin hamısında xalqlar bir müddət psixoloji çaşqınlıq və travmalar yaşadı.
“Əsas stabillikdir” siyasi fikri şüuri olaraq vətəndaşa həzm etdirildi. Vətəndaş da anlaqlı şəkildə “məlum stabillik xəttini” özünün ləyaqətli həyat yaşamaq, hüquq və azadlıqlar əldə etmək arzusundan daha vacib hesab etdi. Hansı ölkədə buna nə qədər nail oldular, bu başqa mövzudur, lakin istədiklərini uzun illər həyata keçirə bildilər. Çünki yaxşı başa düşürdülər ki,
DEMOKRATİKLƏŞMƏ şəxsiyyətin təməl mənafelərinin qorunması, siyasi bərabərlik, hüquqlar sistemi ilə yanaşı, həm də Sovetin alışdırdığı rüşvət və korrupsiya bataqlığından çıxmağımızdır.
Demokratikləşmə, idarəetmədə bir-birini yamsılayan diktatura və Rusiyameyilli hakimiyyətlərin üz qabığı olan, cəmiyyəti bataqlığa çevirən rüşvəti ortadan qaldıracaq, əvəzində qanunlar işlək hala gətiriləcək.
Sənin seçdiyin seçiləcək!
Ən əsası isə, demokratiya xalqın hər bir fərdinin dövlətin idarə olunmasında iştirakını, həmçinin siyasi potensialını aça, səriştəsini təmin edə bilir. Bu olmayacağı halda, o zaman hansısa bir qrup öz mənafelərini güdərək, hakimiyyəti ələ keçirib idarə edir və sənin hüquqi-siyasi planda söz sahibi olmağın baş tutmur. Atatürkün “Hakimiyyət qeyd-şərtsiz millətindir” fikri həyata keçmir.
Bu gün demokratikləşmə Azərbaycana hava və su qədər lazımdır. Bizim insanımızın indi aşağıdakı suallarla yaşaması nə doğrudur, nə də buna layiqdir. Hansıdır bu suallar? Məsələn, siyasi motivlərlərlə həbsdə saxlanılan vətəndaşlarımızın aqibəti necə olacaq? Ədalətli məhkəmələr qurulacaqmı? Bu adamların məsələsində ədalətli hüquqi-siyasi nəticəyə varılacaqmı? Azərbaycan siyasi məhbuslar ölkəsi olmaqdan qurtulacaqmı? Sualları çoxaltmaq da olar.
Təəssüf ki, bu günün reallığı hələlik belədir və cəmiyyətin hazırda ən çox gözlədiyi cavablar da bu suallarla bağlıdır.
Heç şübhəsiz, Azərbaycan birmənalı olaraq nə Türkmənistandır, nə də Şimali Koreyadır. Məncə, bunu dərk eləmək üçün daha bir 30 il müşahidə aparmağa, siyasi-repressiv eksperimentlər etməyə lüzum yoxdur. Uzun illərdir apardığımız müşahidələr bizə yəqin etdi ki, burada siyasi sıxıştırma, siyasi təqiblər və repressiv metodlar cəmiyyətin tamamilə mütiləşməsinə, tamamilə sınmasına apara bilmədi. Pis-yaxşı müqavimət hər zaman var, mübarizə aparan təşkilatları, çətinliklə də olsa, cüzi də olsa müstəqil fikir emal edən medianı qoruyub saxlaya bilmişik. Azərbaycan xalqının yüz ildən çoxdur siyasi azadlıqlara, o cümlədən insan hüquq və azadlıqlarına, demokratiyaya təşnə olması gerçəyini heç nə və heç kim dəyişdirə bilməz.
Demokrtatik cəmiyyət mütləq formalaşacaq. Geci-tezi var sadəcə. Qeyri-hökumət təşkilatları, siyasi partiyalar, media Respublikanın siyasi həyatında “yuxarılardan” gələn tezislərlə deyil, müstəqil şəkildə önəmli rol almağa başlayacaq. Geosiyasi və geoiqtisadi planda dəyişən dünya və dəyişən region fonunda bu prosesi, bəlkə də, çox az bir müddətə tormozlamaq olar, lakin önünə keçmək qətiyyən mümkün deyil.
Yalnız ədalətli rəqabət mühiti cəmiyyəti inkişafa aparacaq. Bütün sahələrdə bu vacib cəhət öz faydasını göstərməlidir. Əks halda, yəni cəmiyyətin demokratikləşməsi baş tutmazsa, əmin olun ki, heç nəyə nail ola bilməyəcəyik. Demokratik cəmiyyət qurulmazsa, mütərəqqi dövlət idarəetmə sisteminə gedilməzsə, o zaman, şübhə yoxdur ki, yaltaqlığa, quldurluğa, talana, kriminal ünsürlərə olan meyllilik kimi, korrupsiya və rüşvət də cəmiyyətin əsas atributları olacaq.
2. İdeoloji boşluğun doldurulmasının özü də dövlət işlərində vacib faza kimi həyati əhəmiyyətli prosesdir.
İdeologiyanın yenilənməsi ən yeni dövrün başlıca şərtidir. Tanrı bizə iki qonşu yerinə, iki böyük düşmən verib. Coğrafiya taleyimizdir fikri tam da yerinə düşür burada. Köçüləsi deyil, kəsilib atılası deyil. Bu iki qonşu hər yolla – biri güneydən, biri quzeydən gənclərimizi zəhərləməyə çalışırlar. Son dövr İranın gizli xidmət orqanlarına cəsusluqdan neçə gəncimiz tutuldu. Rusiya desən, neçə milyon gəncimiz çörək dərdindən oradadır, rusun təhdidi və təsiri altında yetişir. Bu qədər gənc ideoloji boşluq içində böyüyür: dostla düşmən arasında fərq qoymadan.
Yeni dövrə yeni ideologiya ilə “silahlanan” vətəndaş yetişdirməklə başlamalıyıq desək, yanılmarıq. Çünki 200 ildir, bizim coğrafiyamızda bütün bəlalarımızın səbəbkarı olan rus-fars sömürgə sisteminin törətdiklərini dərindən bilmək gənclərimizin bu gün əsas işi olmalıdır.
Ölkəmizdə yaşayan, müxtəlif millətlərin də ayrılmaz bir parçası olduğu xalqımızı, cəmiyyətimizi ideoloji aspektdə müstəmləkəçi Rusiyaya və İrana qarşı diri və hazır tutmalıyıq. Bolşeviklərdən bizə miras qalmış və sovetin “sərvəti” sayılan partokratiya, rüşvətxorluq, korrupsiya, yerlibazlıq, şiddət, təhqir, siyasi dözümsüzlük, avtoritarizm çirkabından birdəfəlik çıxmalıyıq.
Bunun üçün isə, Milli Dövlət Siyasətinin təməl hədəfləri müəyyən edilməlidir.
Türk Dövlətləri Təşkilatının sürətlə güclənməsi,
Türk Dünyasının yenidən şəkillənməsi 21-ci əsrin ən önəmli hadisəsi olacaq. Bu imkanlar güclərimizi birləşdirərək bizi artıq yeni bir ailəyə – Türk Dövlətləri Ailəsinə aparmalıdır. Ən azından ondan ötrü ki, bizim ərazilərdə, bizim insanımızın üzərində heç bir imperialist qüvvə istədiyi oyunu oynaya bilməsin. Digər bir tərəfdən, indiki Rusiyanın ərazisindəki türk xalqlarının başına gətirilənləri və gələcəkdə Türk Dünyası dövlətlərinin güclənməsində bu xalqların oynayacaqları rolları da öyrənməyimiz şərtdir.
İdeoloji istiqamətdə başqa bir həyati vacib xətt Güneyin Quzeyə hazırlanması olmalıdır. Azərbaycan xalqı təbii yolla öz-özünə, hansısa tarixi sürəcdə assimilyasiya siyasəti fonunda parçalanmayıb. Azərbaycan xalqı təxminən 200 il əvvəl regionumuzda cərəyan edən tarixi-siyasi və hərbi-siyasi hadisələr fonunda bölünmüş bir xalqdır və yeni yetişən gənc nəsillər bu faktı heç vaxt unutmamalıdırlar. Həm Türk Dünyası, həm də Güney Azərbaycan məsələsində milliyyətçi düşüncə hakim ideologiyaya çevrilməlidir.
Bu arada, yanlış anlaşılmamaq üçün və bir çox zərərli fikir müəllifinin də qəsdən cəmiyyətə sırımağa çalışdığı anti-milliyyətçilik ideyalarına cavab olaraq bildirim ki, DEMOKRATİK ANLAYIŞ və DEMOKRATİK İNANC milliyyətçi düşüncənin təməl prinsiplərindən biridir. Millətçilər, mənsub olduqları millətin bir başqa millətin boyunduruğu altında yaşamasına qarşı olan, qürurlu şəkildə özünü idarə edəcək potensialı, istəyi və cəsarəti işə çevirə bilən kəslərdir. Bir millətin özünü idarə etməsinin ən doğru yolu isə DEMOKRATİYADIR.
Demokratik dəyərləri prinsip kimi mənimsəyən vətəndaş milliyyətçiliyi anlayışı istənilən dövləti tərəqqiyə aparar. Böyük bir intellektual-duyğusal güc olan milliyyətçiliyə 21-ci əsrdə həm də güclü bir siyasi layihə kimi baxılır. Çünki bütün inkişaf etmiş ölkələr millət və dövlət təfəkkürünə sahib olduğu üçün, bu düşüncə sistemi mütləq iqtidara gətirilməlidir.
Baxın, buna görə də, dəfələrlə qeyd edirəm ki, bizim xilasımız ideoloji baxımdan yenilənmədən keçəcək.
Hüqüqun üstünlüyünü təmin edən, etnik xəstəliklərin öhdəsindən gələn, ictimai-siyasi tələbləri qarşılayan, bütün bəşəri dəyərlərə, prinsiplərə, ləyaqət duyğusuna sayğı göstərən və ona uyğun davranan bir Milli Dövlət anlayışı olmalıdır Azərbaycanda.
Milli təfəkkürü idarəçilik sisteminə tamamən gətirə bilməsək, bu dəfə Rusiya və İran bizi torpaqlarımızın işğalı ilə deyil, gələcəyimiz olan gənc beyinlərimizin yuyulması və zombiləşdirilməsi ilə təhdid edəcək.
Bax, o zaman “Dəyişim edək” desək də, çox gec olacaq.
3. Yeni milli kadr bazasının yaradılması “olmazsa olmaz” zərurətindədir.
Gənc bir dövlət olan Azərbaycan, çox kiçik istisnaları nəzərə almasaq, son 30 ildə özünün gənc kadr bazasını yarada bilməyib. Bu, ən böyük problemlərimizdən biridir. Yaşlı kadrların yerinə keçən xarici təhsilli gənc kadrlar ümidləri doğrultmadı. Rus-sovet nomenklaturasından miras qalmış idarəetmə üsulu Qərbdə təhsil almış gənc kadrlar tərəfindən həvəslə davam etdirildi. Çünki problem təhsilin harada alınması deyildi və hətta yaşda da deyildi, problem milli kadr yetişdirmək kimi, strateji dövlət siyasətinin tam formalaşmaması və püxtələşməməsidir. Problem həm də idarəetmə sisteminin köhnəlməsidir. Zənnimcə, yeni dövrün “dəyişim”i ilk növbədə elə buradan başlanmalıdır. Yoxsa əks halda, deyilənlər əmələ çevrilməyəcək.
Nə vaxta kimi ölkəmizdə məmur şəxslər yanlış olaraq düşünəcək ki, “…sən məmur deyilsənsə, deməli, heç nə bilmirsən” və ya hətta “…sən məmur deyilsənsə, heç kimsən”, o zaman “Yeni dövr” deyil, davam edən köhnə dövran olacaq. Müasir həyatın keyfiyyətcə və kəmiyyətcə yeni-yeni tələbatları və ehtiyacları, qayğıları fonunda yeni yetişən gənc nəsillərin aşıb-daşan təbii enerjisinin qarşısında isə, çoxdan köhnəlmiş və daha effekt verməyən idarəetmə qaydaları ilə duruş gətirmək mümkün olmayacaq. Dəyişim labüddür…