Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib

image-244e7089-5f25-4afb-a47c-0978716a9171backend

İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərkən bildirib ki, ərazilərimizin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olurdu və o, mandata sahib olub. “Təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfra bərabərdir. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib. Münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir. Buna görə də həmkarlarımı son dövrlər ərzində baş verənlərlə bağlı məlumatlandırmaq istərdim. Sentyabrda – demək olar bir ay bundan əvvəl Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb. Silahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çəkib. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində, – mən bunu xüsusi vurğulamaq istərdim, – məhz Rusiya tərəfi atəşkəs təklifi ilə çıxış etdi, bəziləri bunu başqa ölkələrə aid edirlər ki, bu da tamamilə əsassızdır. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim kimi, dayandırıldı.

 

Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu. Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq”.

Emiliya İbrahimova

Azərbaycan Dillər Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90