Busaat.az Kulis.az-a istinadən Xalq artisti İlhamə Quliyeva haqqında 10 maraqlı faktı təqdim edir.
İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda prokuror Məzahir Quliyev və xanəndə Tükəzban İsmayılovanın ailəsində dünyaya gəlib. Atasının işi ilə əlaqədar olaraq 5 yaşına qədər Şəkidə yaşayıblar.
***
Sonradan valideynləri boşanır. Tükəzban İsmayılova tarzən Həbib Bayramov ilə ailə qurur. İlhamə Quliyeva I sinfə Bakıda gedir. Bu vaxtdan da 7 illik fortepiano ifaçılığı təhsili də almağa başlayır.
***
O, orta məktəbi bitirəndən sonra təhsilini musiqi sahəsi üzrə davam etdirmək istəsə də Tükəzban xanım qəti şəkildə qızının müğənni olmasını istəmir. İlhamə xanım Həbib müəllimin də etirazları ilə qarşılaşır.
1972-ci ildə Moskvada Azərbaycan bəstəkarlarının gecəsi keçirilir. İlhamə Quliyeva orada çıxış edir. Konsertdən sonra Fikrət Əmirov onunla görüşür və ona yaxşı mahnılar yazacağını deyir. Onların işbirliyindən “Mən səni araram”, “Göygöl”, “Gülür ellər”, “Gülərəm gülsən”, “De görüm, neyləmişəm” kimi mahnılar yaranır.
***
İlhamə Quliyeva sağlığında bir çox həmkarı ilə küsülü olub. Onunla adı tez-tez Flora Kərimova, Nazpəri Dostəliyeva, Elza Seyidcahanla müxtəlif qalmaqallarda hallanıb. Hətta o, Nazpəri Dostəliyevaya məhkəmədə qalib gəlib. Və ondan iyirmi beş min manat pul alıb. Müğənni ilə uzun illər düşmən olan sənətkarlardan biri Flora Kərimova olub. Efir vasitəsi ilə onları barışdırmağa dəfələrlə cəhd olunsa da, heç nə əldə olunmayıb və İlhamə Quliyeva Flora Kərimovadan küsülü qalaraq dünyasını dəyişib. Buna baxmayaraq hər iki sənətkar bir-birlərinin sənətini yüksək qiymətləndiriblər.
İlhamə Quliyevanın övladı olmayıb. Ancaq həmkarı Flora Kərimova bu yaxınlarda verdiyi açıqlamada deyir: “Hər qadın kimi ərə getmək istəyirdi. Onu da bacardı, birinci dəfə Faiq adlı oğlana ərə getdi. Çox yaxşı oğlan idi. Ümumiyyətlə, övladı olmalı idi. Xəstəxanaya getdi. İki aydan sonra mən də Zümrüdümlə oradaydım. Çox şeylər eşitdim. Təəssüf ki, xəstəxanaya cüt gəldi, amma tək çıxdı. Bilərəkdən tələf etdi. Çünki həmin adam söz də verməmişdi. Hər bir qadın kimi İlhamə ana olmaq istədi. Düşünürəm ki, ünvansız uşaq dünyaya gətirmək istəmədi. Bəlkə də, perspektivsiz münasibətə görə bunu etdi. Nə qədər acıdil, acıqanlı olsa da, qadındır. O da bir ocaq sahibi olmaq istəyirdi. Ancaq qisməti qismət, xasiyyəti isə xasiyyət deyildi”.
***
İlhamə Quliyeva 1980-ci ildə Faiq Mirmöhsünov adlı şəxslə ailə qurub. Ancaq bu evliliyin ömrü çox qısa olub. Bir müddət Mirmöhsünova soyadı daşıyan İlhamə xanım həyat yoldaşı ilə boşanır, onun soyadından imtina edərək yenidən Quliyeva soyadına qayıdır. İlhamə Quliyeva ikinci dəfə ailə qurmur.
Müğənni xalasının nəvəsi Orxan adlı oğlanı oğulluğa götürür, ona öz övladı kimi baxır, toyunu edir. Lakin, müğənninin ölümündən sonra İlhamə xanımın qohumları ilə Orxan arasında miras davası baş qaldırır və məlum olur ki, İlhamə Quliyeva oğulluğunu tək varis kimi elan etməyib. Hətta, deyilənə görə, İlhamə xanımı son dəfə əsəbiləşməsinə və xəstəxanaya düşməsinə səbəb oğlu Orxandan gələn gecə zəngi olub.
***
Deyilənə görə müğənninin Flora adlı qız övladı olub. Flora ilə 13 saylı məktəbdə bir sinifdə oxuyan, hazırda Rusiyada yaşayan Gülzar Vəliyeva bu barədə belə deyib: “Biz İlhamə Quliyevanın qızı ilə bir sinifdə oxuyurduq. Yasamal rayonu 13 nömrəli məktəbdə “B” sinfini bitirmişik. Həmin vaxt Flora xanım bilirdi ki, onun anası İlhamə Quliyevadır. Həmçinin İlhamə xanım onun təhsili və geyimi üçün pul da verirdi. Amma bu haqda danışmaq istəmirdi. Çünki anası onu övlad kimi qeydiyyata almamışdı. Biz 10-cu sinifdə oxuyanda İlhamə Quliyeva məktəbə gəlmişdi. Qızı dedi ki, onu görmək istəmirəm. Mənim anamdırsa, məni övladlığa götürərdi. Mənim bildiyimə görə, həmin qızı İlhamə xanımın yaxın qohumu saxlayırdı. Flora xanım, bildiyimə görə, Yasamal rayonu ərazisindəki qəbiristanlıq tərəfdə yaşayır. Mən Bakıya gedəndə, sinif yoldaşlarımla görüşəndə onu da soruşdum. Ancaq onunla görüşə bilmədim. Biz 1980-ci ildə onunla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbin “B” sinfini bitirmişik”.
İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edir. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən İlhamə Quliyevanın evinə Təcili Yardım gəlsə də, artıq dünyasını dəyişmiş olur. Onun ölümündə köməkçisi şübhəli bilinsə də, bu sübuta yetirilməyib. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilir.