“Özəl sahibkarlar üçün baryerlər aradan qaldırılmalıdır” – Qubad İbadoğlu

“Özəl sahibkarlar üçün baryerlər aradan qaldırılmalıdır” – Qubad İbadoğlubackend

“Demokratiyanı və bazar iqtisadiyyatını dəstəkləyən dövlət və qeyri-dövlət institutları qurulmalıdır”.

Busaat.az xəbər verir ki, bunu ölkənin 2021-ci illə bağlı iqtisadi gedişatının mümkün imkanlarını dəyərləndirən iqtisadçı Qubad İbadoğlu bildirib.

İqtisadçıya görə, növbəti il iqtisadiyyatda və cəmiyyətdə itkilərin bərpası ilinə çevrilməlidir. Bunun üçün isə hərtərəfli islahatların aparılması vacibdir:

“İqtisadiyyat və insanlar üçün çox ağır olan 2020-ci il başa çatır. Nüfuzlu “Time” Jurnalı 2020-ci ili dünya tarixinin ən pis ili elan edib. Hesab edirəm ki, 2021-ci ildə ilk növbədə prezidentdən tutmuş sıravi vətəndaşa qədər hər kəs korrupsiya və rüşvətxorluğa qarşı amansız olmalı, inhisarçılıq aradan qaldırılmalı, gizli iqtisadiyyat leqallaşmalı, dövlət qanunun aliliyini təmin etməli, məhkəmələrə müstəqillik verməli, şəffaflığı və hesabatlığı artırmalıdır. Bütün bunlar isə müstəqil vətəndaş cəmiyyəti və azad mətbuat bərqərar olmadan baş verməyəcək. Hər iki institutun təşəkkülü vətəndaş fəallığından və ictimai şüurun inkişafından asılıdır. Buna da yalnız təhsili inkişaf etdirməklə, insan haqlarına və azadlıqlarına hörmət etməklə nail ola bilərik”.

İqtisadçı bildirib ki, sadalanan nəticələrin əldə edilməsi Azərbaycanın beynəlxalq inteqrasiyası ilə gücləndirilməlidir:

“Azərbaycan Açıq Hökümət Tərəfdaşlığında qeyri-aktiv üzvlük fazasından çıxmalı, Mədən sənayesində şəffaflıq təşəbbüsünə (MSŞT) geri qayıtmalıdır. Əgər 2017- ildə MSŞT Beynəlxalq Koalisiyasını tərk etməsəydik, gələn ildən 55 üzv dövlətdə olduğu kimi Azərbaycanda da sazişlərin açıqlanması məcburi standarta çevriləcəydi, bundan əlavə ölkəmiz mülkiyyət sahibliyinə dair hesabatlar dərc edəcəydi. Ona görə də cəmiyyətdə birliyi və həmrəyliyi qorumalı, idarəetmədə struktur islahatları aparmalı, demokratiyanı və bazar iqtisadiyyatını dəstəkləyən dövlət və qeyri-dövlət institutları qurulmalıdır. Həmçinin rəqabət bütün sferalarda dəstəklənməli, maliyyə amnistisiyası elan olunmalı, regional və beynəlxalq iqtisadiyyatdan faydalanmaq üçün milli iqtisadiyyat liberallaşdırmalı və xarici ticarət açıq aparılmalıdır. Bununla yanaşı, özəl sahibkarlar üçün baryerlər aradan qaldırılmalı, iri dövlət şirkətlərinin və bankları yenidən strukturlaşmalı və özəlləşdirilməli, fiskal və inzibati əksmərkəzləşdirmə islahatları aparmalıdır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki