Özəlləşdirmə çeklərinə sahib vətəndaşların əzilən haqqı: “Sosial ədalət bərpa olunmalıdır” – Professor

image-ozlcekbackend

“Özəlləşdirmə çekləri ilə bağlı məsələdə sosial-ədalət prinsiplərinə dövlət səviyyəsində əməl edilməlidir”.

Bu sözləri özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması ilə bağlı məsələyə münasibət bildirən İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı Elşad Məmmədov Busaat.az-a açıqlamasında deyib.

Professor qeyd edib ki, özəlləşdirmə prosesinin düzgün şəkildə idarə edilməməsi özəlləşdirmə çeklərinə sahib olan şəxslərin söz sahibinə çevrilməsinə mane olmaqla yanaşı, bu çeklərin dəyərdən düşməsinə yol açıb. Lakin bütün hallarda sözügedən problemin həlli istiqamtində dövlət tərəfindən ciddi addımların atılması zəruridir. Bu, eyni zamanda sosial ədalətin bərqərar olmasına yol açacaq:

image-ekspert_110419

“Əslində özəlləşdirmə prosesində nəinki Azərbaycanda, bütövlükdə postsovet məkanında kifayət qədər ciddi boşluqlar və problemlər olub. Bir tərəfdən qanunvericilik bazası, digər tərəfdən isə özəlləşdirmənin təşkilati mexanizmi və prosesin gedişatında müəyyən çətinliklər yaşanıb. Nəticədə ədalətsizlik reallığa çevrildi. Ona görə də uzun illər ərzində özəlləşdirməyə çıxarılan müəssisə və təşkilatlarda çalışan əmək kollektivləri həmin müəssisə və təşkilatlarda söz sahibinə çevrilə bilmədi. Bununla yanaşı, çeklər vasitəsilə özəlləşdirmədə pay sahibləri ciddi imkana malik ola bilmədilər.

Hesab edirəm ki, mövcud vəziyyətdə sözügedən istiqamət üzrə qanunvericilik bazası və təşkilati mexanizmlərin işlənməsi ilə bağlı ciddi tədbirlərin görülməsinə ehtiyac var. Özəlləşdirmə ilə bağlı prosesdə dövlət öz funksiyallığından istifadə edərək, ilk növbədə, ədalət prinsipinin bərpasına nail olmalıdır. Daha sonra aiddiyyatı hüquqi normativ baza ölkə əhalisinin maraqlarına uyğun şəkildə qurulmalıdır. Özəlləşdirmə siyasətinin ölkənin sosial-iqtisadi inkişafına xidmət etməsinə yönəlik addımların atılması vacibdir. Bu baxımdan iqtisadi proseslərin idarə edilməsi fonunda özəlləşdirmə son hədəf və məqsəd olmamalıdır”.

Qeyd edək ki, 1996-cı il yanvarın 1-dən ulu öndər Heydər Əliyevin fərmanına əsasən, Azərbaycanda özəlləşdirmə çekləri dövriyyəyə buraxılıb və tədavül müddəti bir neçə dəfə rəsmi şəkildə uzadılıb. Sonuncu dəfə isə 2009-cu il tarixində tədavül müddəti artırılaraq 2011-ci il yanvar ayının 1-də başa çatıb.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90