Özəlləşdirmə çeklərinin qiyməti: Qanunvericilik nə deyir? – Rəsmi

image-manat-600x600backend

Məlumdur ki, 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına qanunla miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Belə ki, özəlləşdirmə çeklərinin üzərində “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” yazılıb. Bu çeklərin hər birinin dəyəri eynidir.

Əgər 1996-cı ildə ölkə vətəndaşına müddətsiz olaraq çek verilibsə, mülkiyyət hüququ sayılan bu çek tədavüldən çıxarıla bilməz. Çünki Konstitusiyanın 13 və 29-cu maddələrində bildirilir ki, mükiyyət hüququ qorunmalıdır. Ona görə də özəlləşdirmə çekləri ya tədavülə buraxılmalı, ya da hansısa formada kompensasiyası həyata keçirilməlidir. Unutmaq olmaz ki, bu gün özəlləşdirilməyən çox sahələr var. Dövlət İnvestisiya Fondunun tərkibində olan Dövlət Neft şirkəti, Metropoliten, AZAL, “Azərbaycan Dəmir Yolları” ASC özəlləşdirmə üçün açıqdır. Bununla yanaşı, universitetlər, peşə məktəbləri, xəstəxanalar və müqavilələr çərçivəsində işləyən mədən sahələri gələcəkdə özəlləşdirmə prosesinə əlavə ediləcək.

Özəlləşdirmə çeklərinin qiyməti hansı yollarla hesablana bilər?

Mövzu ilə bağlı iqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov Feso.az-a açıqlamasında bildirib ki, bu gün müxtəlif variantlarla özəlləşdirmə çeklərinin real və nominal dəyərini müəyyən etmək olar:

Nominal olaraq I Dövlət Proqramının 3-cü bölməsinin 6-cı abzasında deyilir ki, “Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir, çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32 000 000 hissəsidir”. Bu, o deməkdir ki, hər bir dövlət özəlləşdirmə payına düşən əmlak dəyəri inflaysiyanın da təsirindən qorunan maddi ekvivalentə malikdir. Dövlət Əmlak Komitəsinin 12.12.1997-ci il tarixli 222 saylı Əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19.12.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalarına əsasən, bu nominal dəyəri hesablamaq mümkündür. Belə ki, həmin Qaydaların 2-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faizi miqdarında, lakin 2000 manatdan az olmamaq şərti ilə müəyyən edilir”. 1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) veriləndən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən DƏK-in 1997-ci il tarixli 222 saylı əmrindən belə məlum olur ki, Ulu Öndərin hər vətəndaşa verdiyi hər bir dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 Amerika Birləşmiş Ştatları dolları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq, bir payın dəyəri isə 2000 Amerika Birləşmiş Ştatları dolları olub. Dövlətin iqtisadi siyasəti onun qəbul etdiyi qanunlarla tənzimlənir.

Real dəyər olaraq dövlətin ümumi özəlləşdirilə biləcək əmlaklarının dəyəri 200 milyard manatdırsa, bunun 65 faizini götürsək, 130 milyard manat vəsait edir. Bu gün təxminən 1 milyon 600 min özəlləşdirmə payı əllərdədir (Hər payda 4 ədəd özəlləşdirmə çeki var) və istifadə olunmayıb. Bu isə 81 min manat real əmək ekvivalenti edir. Yəni hazırda hər dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin real dəyəri 81 000 manatdır.

1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Əmlak Komitəsinin 222 nömrəli əmri ilə götürdükdə son 25 il ərzində baş verən inflyasiyanı nəzərə alsaq, bu gün hər bir özəlləşdirmə payının əmlak ekvivalentinin dəyəri 10 dəfə artaraq 20 000 ABŞ dolları hesablana bilər.

Həmçinin Nazirlər Kabinetinin 8 fevral 2018-ci il tarixli 39 nömrəli qərarı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarından məlum olur ki, xarici valyutanın və qiymətli kağızların səhmləri, istiqrazlar, dövlət özəlləşdirmə çeklərinin alqı-satqısı qanunla tənzimlənib”.

İqtisadçıya görə, bu gün işğaldan azad olunmuş ərazilərimizdə on milyardlarla manatlıq investisiya portfelinə ehtiyac var:

“Məlumata görə, 600 minə yaxın pay yerli və xarici investorlar tərəfindən depolarda saxlanılır. 1 milyon payı isə ölkə vətəndaşları 25 ildir ki, ümidlə saxlayıblar. Özəlləşdirmə çeklərinin bu prosesə cəlb olunması yerli investisiyaların həcmini artırmaqla yanaşı, dövriyyəyə yaxşı təsir edə bilər. Özəlləşdirmə çeklərinin dövlət tərəfindən tanınan qiymətli kağızlar olduğunu nəzərə alsaq, dövlət müvafiq proqram çərçivəsində əllərdə qalan özəlləşdirmə çeklərinin investisiya axınında istifadəsinə imkan yarada bilər. Nəzərə almaq lazımdır ki, özəlləşdirmə prosesi tarixi, siyasi, iqtisadi və sosial əsaslar üzərində qurulmuş bir prosesdir. Bu proses Konstitusiyanın ədalət və bərabərlik prinsiplərinə əsaslanır. Ona görə də özəlləşdirmə çekləri qanunla qüvvədə olan dövlət qiymətli kağızlarıdır. Vətəndaşların əllərində qalan çeklərin dəyəri bugünkü prosesə və qiymətlərə uyğun hesablanmalıdır.”.

Qeyd edək ki, özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/

Həmçinin Konstitusiya Məhkəməsinin ekspertlərinin araşdırmasına qulaq asmağınızı tövsiyə edirik:

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90